Süni intellekt startapı “Perplexity” gözlənilməz addım ataraq, “Google”dan “Chrome” brauzerini 34,5 milyard dollara almaq təklifi ilə çıxış edib.
Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, təklif olunan məbləğ şirkətin hazırkı 18 milyard dollarlıq bazar dəyərini təxminən iki dəfə üstələyir.
“Perplexity”nin açıqlamasına görə, bir neçə iri vençur kapital fondu sövdələşməni maliyyələşdirməyə hazırdır. Təklif “Alphabet Inc”ə məxsus “Google”un onlayn axtarış bazarındakı üstünlüyü ilə bağlı aparılan antiinhisar işində məhkəmənin qərar mərhələsinə yaxın vaxtda verilib. ABŞ Ədliyyə Departamenti ən radikal həll yolu kimi “Chrome”un satılmasını tələb edə bilər.
“Perplexity”nin həmtəsisçisi Aravind Srinivas “Alphabet”in baş direktoru Sundar Piçaiyə ünvanladığı məktubda, təklifin “Chrome”un səlahiyyətli və müstəqil operatora ötürülməsi ilə antiinhisar problemlərinin həllinə” xidmət etdiyini bildirib.
Alphabet mövzu ilə bağlı şərh verməkdən imtina edib.
“Financial Times”ın məlumatına görə, şirkət “Perplexity”nin təklifini ciddi qəbul etmir.
Qeyd edək ki, “Perplexity” bundan əvvəl də böyük bir şirkəti almağa cəhd göstərmişdi — bu ilin əvvəlində startap “TikTok”u 50 milyard dollara almağa hazır olduğunu bildirmiş, lakin sövdələşmə baş tutmamışdı.
Gundelik.az
