İyul 8, 2026
Baku
Dünya İqtisadiyyat Xəbərlər

“Honda”nın rüblük mənfəəti yarıya düşdü, illik proqnozu artdı

Yaponiyanın avtomobil istehsalçısı “Honda Motor Co.” bu ilin maliyyə rübündə xalis mənfəətinin kəskin azaldığını açıqlayıb.

Gundelik.az şirkətə istinadən xəbər verir ki, bu ilin aprel-iyun aylarında şirkətin xalis mənfəəti 196,67 milyard yen (təxminən 1,3 milyard ABŞ dolları) təşkil edib. Bu göstərici ötən ilin eyni dövründəki 394,66 milyard yen ilə müqayisədə demək olar ki, iki dəfə azdır.

Hesabat dövründə şirkətin əməliyyat mənfəəti də 50% azalaraq 244,17 milyard yen, ümumi gəliri isə 1,2% azalaraq 5,34 trilyon yen olub. Müqayisə üçün qeyd edək ki, analitiklər 5,25 trilyon yen gəlir və 311,7 milyard yen əməliyyat mənfəəti proqnozlaşdırmışdılar.

Buna baxmayaraq, “Honda” illik maliyyə göstəriciləri üzrə proqnozlarını yüksəldib. 2026-cı ilin martında başa çatan maliyyə ili üçün:

• Əməliyyat mənfəəti proqnozu 500 milyard yen yerinə 700 milyard yenə,
• Xalis mənfəət proqnozu 250 milyard yen yerinə 420 milyard yenə,
• Gəlir isə 20,3 trilyon yen yerinə 21,1 trilyon yenə qaldırılıb.

Şirkət bu hesablamalarda bir dollar üçün 140 yen orta məzənnə götürüb (əvvəlki il bu göstərici 153 yen olub).

Qeyd edək ki, son üç ayda “Honda”nın bazar dəyəri 8%-ə yaxın artaraq 7,5 trilyon yenə çatıb. Eyni dövrdə Yaponiya birjasının əsas göstəricisi olan “Nikkei 225” indeksi isə təxminən 11% yüksəlib.

Gundelik.az