Bu ilin ilk yarısında dünyanın ən böyük neft hasilatçısı olan “Saudi Aramco”nun xalis mənfəəti 13,6 faiz azalaraq 48,7 milyard dollar təşkil edib.
Gundelik.az xəbər verir ki, bu barədə TASS agentliyi şirkətin maliyyə hesabatına istinadən məlumat yayıb.
Eyni dövrdə şirkətin əsaslı xərcləri 8,3 faiz artaraq 24,9 milyard dollara, sərbəst pul axını isə 17,6 faiz azalaraq 34,4 milyard dollara düşüb.
Hesabatda qeyd olunur ki, neftin orta satış qiyməti də azalıb – 2024-cü ildə bir barel üçün 84,30 dollar olan qiymət, 2025-ci ilin ilk altı ayında 71,50 dollar olub.
“Bazar əsasları hələ də güclüdür. 2025-ci ilin ikinci yarısında neftə gündəlik tələbatın ilin birinci yarısı ilə müqayisədə 2 milyon bareldən çox artacağı gözlənilir. Uzunmüddətli strategiyamız karbohidrogenlərin qlobal enerji və neft-kimya bazarında vacib rol oynamağa davam edəcəyinə inamımıza əsaslanır”, – deyə “Saudi Aramco” rəhbəri Amin Nasser bildirib.
Şirkət gəlirlərin azalmasını əsasən neftin ucuzlaşması ilə izah edib. Bildirilir ki, Ər-Riyadın büdcəsinin balanslaşdırılması üçün neftin bir barelinin qiyməti 90 dollardan yuxarı olmalıdır – bu isə Beynəlxalq Valyuta Fondunun (BVF) hesablamalarına əsaslanır.
Bundan əlavə, 2025-ci ilin yazında Saudi Aramco xərcləri azaltmaq və səmərəliliyi artırmaq məqsədilə bəzi aktivlərini satmağı planlaşdırıb.
Gundelik.az
