İyul 8, 2026
Baku
Dünya İqtisadiyyat Xəbərlər

Dünyada qızıla tələbat rekord səviyyəyə çatdı

Bu ilin ikinci rübündə qlobal qızıl tələbi illik müqayisədə 3 faiz artaraq 1249 ton təşkil edib. Bu tələbin ümumi dəyəri isə 132 milyard dollarla rekord səviyyəyə yüksəlib.

Gundelik.az xəbər verir ki, bu barədə Dünya Qızıl Şurasının (WGC) “Qızıl Tələb Trendləri” adlı hesabatında qeyd olunub.

Qızıl tələbinin dəyəri illik əsasda 45 faiz artıb. Bu artım güclü investisiya axını, geosiyasi qeyri-müəyyənliklərin artması və qiymət impulsu ilə əlaqələndirilir. Sözügedən dövrdə qızıl investisiyaları da ötən ilin eyni dövrü ilə müqayisədə 78 faiz artım göstərib.

Qızıl mübadilə investisiya fondları məcmu tələbin əsas hərəkətverici qüvvəsi olaraq qalır. Külçə və sikkələrə edilən investisiyalar da 11 faiz artıb.

Mərkəzi banklar ikinci rübdə 166 ton qızıl ehtiyatlarına əlavə edib. Baxmayaraq ki, bu artım əvvəlki dövrlərlə müqayisədə daha zəif templə baş verib, qızıl alışları hələ də yüksək səviyyədə qalmaqdadır. WGC-nin mərkəzi banklarla keçirdiyi illik sorğuya əsasən, ehtiyat menecerlərinin 95 faizi qarşıdakı 12 ay ərzində qlobal qızıl ehtiyatlarının artacağını proqnozlaşdırır.

Zərgərlik məmulatlarına olan tələbat isə azalmaqda davam edir. İlin ikinci rübündə bu seqment üzrə istehlak həcmi 14 faiz azalıb və pandemiya dövründəki səviyyələrə enib. Çində zərgərlik məmulatlarına tələb 20 faiz, Hindistanda isə 17 faiz aşağı düşüb. Bununla belə, ümumi dəyər baxımından qlobal zərgərlik bazarının həcmi 36 milyard dollara çatıb.

WGC-nin baş bazar analitiki Louise Street hesabatla bağlı açıqlamasında bildirib ki, 2024-cü ilin ilk yarısı qlobal bazarlarda qeyri-sabitlik, ticarət gərginlikləri və geosiyasi risklərlə müşayiət olunub. O qeyd edib ki, qızıl bu şəraitdə iqtisadi və siyasi risklərə qarşı effektiv bir hedc vasitəsi kimi önə çıxıb: “Son aylarda qızılın yüksək qiymət göstəriciləri və davam edən bazar dəyişkənliyi əhəmiyyətli bir təcil yaradıb və investorları bu qiymətli metala yönəldib. Qızıl ilin ilk yarısında güclü bir aktiv kimi çıxış etdi və bir çox digər əsas aktiv siniflərini geridə qoydu. Bu dövrdə onun dəyəri 26 faiz artıb”.

Street əlavə edib ki, cari makroiqtisadi mühit hələ də yüksək dərəcədə qeyri-müəyyəndir. Bu isə qızılın bahalaşması üçün əlavə imkanlar yarada bilər. Onun sözlərinə görə, qlobal iqtisadi və ya geosiyasi vəziyyətdə hər hansı ciddi pisləşmə baş verərsə, qızılın “təhlükəsiz liman” kimi cəlbediciliyi daha da arta və qiymətlər yenidən yüksələ bilər. Bununla belə, o ehtimal edir ki, 2025-ci ilin ikinci yarısında qızıl nisbətən dar qiymət diapazonunda ticarət olunacaq.

Gundelik.az