İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Aİ və Mərkəzi Asiya ölkələri ilk dəfə Düşənbədə terrorla mübarizə dialoqu keçiriblər

Avropa İttifaqı (Aİ) və Mərkəzi Asiya ölkələri Düşənbədə (Tacikistan) terrorizmlə mübarizə üzrə ilk dialoqu keçiriblər.

Gundelik.az xəbər verir ki, bu barədə Aİ-nin Tacikistandakı nümayəndəliyindən məlumat verilib.

“Aİ tərəfi Tacikistan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan və Özbəkistanın nümayəndələri ilə görüşüb, terrorizmlə mübarizə ilə bağlı geniş spektrli məsələləri, o cümlədən terror təhlükəsinin qiymətləndirilməsini müzakirə edib”, – məlumatda deyilir.

Radikallaşmaya qarşı mübarizə, cinayət təqibi, geri qayıdanların reabilitasiyası və reinteqrasiyası, aqressiv onlayn təbliğatla mübarizə tədbirləri də daxil olmaqla, konkret əməkdaşlıq sahələri də müzakirə edilib.

Qeyd olunur ki, Aİ və Mərkəzi Asiya ölkələrindən olan tərəfdaşlar üçüncü ölkələrlə, o cümlədən çoxtərəfli forumlarda əməkdaşlıq məsələlərinə də toxunublar.

“Aİ terrorizmə qarşı mübarizə tədbirlərinin qanunun aliliyi və insan hüquqlarına hörmət prinsiplərində möhkəmlənməsinin vacibliyini xatırladıb. Aİ Mərkəzi Asiya ölkələri ilə mənalı və konstruktiv müzakirələri alqışlayır. Növbəti Dialoq Brüsseldə baş tutacaq”, – Aİ-nin Tacikistandakı nümayəndəliyinin bəyanatında deyilir.

Gundelik.az