Mamaliq və ginekologiya sahəsində hər bir hamiləlik fərqli və özünəməxsus bir prosesdir. Bu prosesin sağlam şəkildə keçməsi üçün bir sıra amillərin nəzərə alınması vacibdir. Bu amillərdən biri də ananın və dölün qan qrupunun uyğunluğudur, xüsusilə də Rh (Rhesus) amilinin rolu böyükdür. Rh mənfi qan qrupuna malik olan hamilə qadınlarda bəzi hallarda immunoloji konfliktlər yarana bilər ki, bu da həm ana, həm də döl üçün ciddi tibbi nəticələrə səbəb ola bilər. Məhz bu səbəbdən Rh amili və onun doğuş praktikasında əhəmiyyəti barədə maariflənmə günümüzdə daha da önəmli olmuşdur. Gundelik.az saytı olaraq, mövzu ətrafında daha ətraflı məlumat almaq üçün bu sahənin mütəxəssisi, Mama-Ginekoloq Dr. Sahilə Əlizadəyə suallar ünvanladıq.
Müsahibəni təqdim edirik:
Sahilə xanım, deyə bilərsinizmi, Rezus immunizasiya nədir və hansı patofizioloji mexanizm əsasında inkişaf edir?
— Rezus Rezus immunizasiya, Rh (D) antigeninə malik olan dölün eritrositlərinin Rh (D) antigeninə malik olmayan (Rh-negativ) ananın qan dövranına keçməsi nəticəsində, ananın immun sisteminin bu antigenə qarşı antikorlar (anti-D antikorları) istehsal etməsidir.
Bu proses aşağıdakı patofizioloji mərhələlərlə inkişaf edir:
Sensitizasiya:
Əgər Rh-negativ bir qadın Rh-pozitiv bir dölə hamilədirsə, doğuş, abort, invaziv prenatal prosedurlar (amniosentez, kordosentez), plasenta abruptiyası, ya da travmatik hadisələr zamanı dölün Rh-pozitiv eritrositləri ananın qanına keçir.
Ana immun sistemi bu eritrositləri yad antigen kimi tanıyır və ilkin immun cavab verərək IgM tipli anti-D antikorları istehsal edir. Bu antikorlar plesentadan keçə bilmədiyindən ilk hamiləlikdə adətən ciddi problem yaranmır.
İmmun Yaddaş:
İlk sensitizasiyadan sonra ananın immun sistemi Rh antigeninə qarşı “yaddaş hüceyrələri” yaradır. Növbəti Rh-pozitiv hamiləliklərdə ana sürətli və güclü bir immun cavab verir, bu dəfə əsasən IgG tipli anti-D antikorları sintez olunur.
Patogen təsir:
IgG antikorları plesentadan keçərək dölün Rh-pozitiv eritrositlərini opsonize edir və onların dölün retikuloendotelyal sistemində (əsasən qaraciyərdə və dalaqda) destruksiyasına (hemolizinə) səbəb olur.
Nəticədə hemolitik xəstəlik (erythroblastosis fetalis) inkişaf edir. Ağır hallarda bu, fetal hidrops, intrauterin ölüm və ya neonatal ölümə səbəb ola bilər.
Rezus immunizasiyasının klinik nəticələri və döl üçün risklər hansılardır?
—Rezus immunizasiyası döl və yenidoğan üçün ciddi təhlükələr yaradır:
Yüngül hallarda:
Yenidoğanda yüngül hiperbilirubinemiya və ikter (sarılıq) görülə bilər. Yüksək bilirubin səviyyələri sinir toxumasına zərər verə bilər (kernikterus riski).
Orta ağırlıqlı hallarda:
Hemolitik anemiya inkişaf edir. Döl öz hematopoezini artırmaq üçün qaraciyərdə və dalaqda ekstramedulyar hematopoezə başlayır. Qaraciyər və dalaq böyüyür.
Ağır hallarda:
İntrauterin hemolitik anemiya o qədər ağır olur ki, ürək çatışmazlığı, fetal ödem (hidrops fetalis), plevra və perikard boşluqlarında maye yığılması (hidrotoraks, hidrops perikardiy) və nəticədə fetal ölüm baş verir.
Postnatal dövrdə:
Yenidoğulmuşda yüksək səviyyədə hemoliz bilirubin istehsalını artırır. Əgər dərhal müdaxilə olunmazsa, bilirubin beyində çökməklə kernikterusa səbəb ola bilər, bu da mental retardasiya, eşitmə itkisi və motor disfunksiya ilə nəticələnə bilər.
Rezus immunizasiyasının qarşısını almaq üçün hansı profilaktik tədbirlər görülür?
—Bu gün Rezus immunizasiyasının qarşısını almaq üçün effektiv profilaktika mövcuddur:
Anti-D İmmunqlobulin Proflaktikası:
Rh-negativ qadınlara Rh-pozitiv dölə hamilə olduqda müəyyən zamanlarda (28-ci həftə və doğuşdan sonra 72 saat ərzində) anti-D immunqlobulin tətbiq edilir.
Mexanizm:
Verilən anti-D immunqlobulin ananın immun sistemindən əvvəl dölün Rh (D) antigenlərini “neytrallaşdırır”, beləliklə ana bu antigenlərə qarşı öz immun cavabını başlatmır. Bu passiv immunizasiya üsulu immun yaddaşın yaranmasının qarşısını alır.
Tətbiq Zamanları:
28-ci həftədə profilaktik doz (çünki bəzi hallarda üçüncü trimestrdə subklinik fetomaternal qan keçişi olur).
Doğuşdan sonra 72 saat ərzində, əgər yeni doğulmuş körpə Rh-pozitivdirsə.
Abortdan, ektopik hamiləlikdən, invaziv prenatal diaqnostik prosedurlardan sonra.
Plasentanın qopması, vaginal qanaxma, travma hallarında.
Dozaj:
300 mikroqram (1500 IU) anti-D immunqlobulin adətən 15 ml fetal eritrositin immunizasiyadan qorunmasına kifayət edir.
Kleihauer-Betke testi:
Əgər şübhə varsa ki, anaya daha çox döl qanı keçib, Kleihauer-Betke testi ilə fetomaternal hemorajinin miqdarı təyin olunur və əlavə dozalar tətbiq edilir.
Sahilə xanım, bəs hansı hallarda anti-D immunqlobulin profilaktikası verilməməlidir?
—Anti-D immunqlobulin profilaktikası aşağıdakı hallarda verilməz:
Ana Rh-pozitivdirsə.
Döl Rh-negativdirsə (döl qan qrupu prenatal qeyri-invaziv testlərlə və ya doğuşdan sonra müəyyən olunubsa).
Ana artıq alloimmunizasiya olunubsa (yəni anti-D antikorları artıq inkişaf edib).
Bu halda artıq passiv profilaktika faydasızdır; aktiv immun cavab başlamışdır və döl üçün intensiv monitorinq və müalicə lazımdır (məsələn, intrauterin transfuziya).
Rezus immunizasiyası baş verdikdə hamiləlik zamanı hansı izləmə və müalicə üsulları tətbiq edilir?
— Əgər Rh-immunizasiyası artıq baş veribsə, hamiləlik boyunca diqqətli monitorinq və lazım gəldikdə müdaxilə tələb olunur:
Maternal Antikor Titrləri:
Ana qanında anti-D titrinin səviyyəsi mütəmadi izlənir.
Kritik səviyyə (məsələn, 1:16 və ya 1:32) aşılırsa, fetal təsir ehtimalı artır.
Orta Serebral Arter (MCA) Doppleri:
Fetal anemiyanı erkən aşkar etmək üçün istifadə edilir.
MCA Peak Systolic Velocity (PSV) artarsa (1.5 MoM və yuxarı), dölün anemik olduğu düşünülür.
Amniosentez və Liley əyrisi:
Əvvəllər amnion mayesində bilirubin səviyyəsinin ölçülməsi ilə anemiyanın ağırlığı təyin edilirdi. İndi MCA Doppleri üstünlük təşkil edir.
Intrauterin Transfuziya:
Döl ağır anemikdirsə, perkutan umbilikal damar yolu ilə intrauterin eritrosit transfuziyası edilir.
Erkən Doğuş:
Ağır hallarda, fetal yetkinlik mümkün səviyyəyə çatdıqda (məsələn, 34 həftə və sonrası) doğuş planlaşdırılır.
Maraqlı və bir o qədər də maarifləndirici müsahibə üçün Sahilə xanım Əlizadəyə təşəkkürümümzü bildiririk.
Gundelik.az
