Bill Qeyts, Mark Zukerberq, İlon Mask və digər tanınmış milyarderlərin bir ortaq cəhəti var: onlar öz övladlarına sərvətlərinin kiçik bir hissəsini “hədiyyə” edirlər. Qalan milyardlarla dolları isə müəyyən xeyriyyə məqsədli təşəbbüslərə yönləndirəcəklərini vəd edirlər.
Maraqlıdır, bəs niyə bu vəsaitlərin çoxu yalnız onların ölümündən sonra xeyriyyə məqsədilə istifadə olunmalıdır? Bu qədər xeyirxahdırlarsa, niyə sağlıqlarında dünyanın aclıq yaşayan ölkələrinə, acından ölən körpələrinə, ciddi xeyriyyəçilik etmirlər?
Gundelik.az xəbər verir ki, bu sualla bağlı iqtisadçı-ekspert Eldəniz Əmirov öz fikirlərini bölüşüb.
O bildirib ki, bu qədər pullara bütün dünyanı pulsuz xəstəxanalarla doldurmaq olardı: “Əsl xeyirxah insan sağikən bunu etməzmi?
Bəs biz haradan əmin ola bilərik ki, bu vəsiyyətlər həyata keçəcək? Hansı mexanizmlə?
Bəlkə dünyanın milyarder kimi tanıdığı insanlar sadəcə vasitəsiçilərdir. Arxa planda isə müəyyən güclər – dövlətlərdən və demokratiyalardan da güclü olan qlobal güc mərkəzləri – bu şəxslərin timsalında sistemli şəkildə sərvət toplayırlar. Birisi “Facebook” vasitəsilə, digəri maliyyə texnologiyaları ilə, biri süni intellektlə, biri enerji bazarları ilə…”
“Yəqin ki, bütün bunlar sadəcə “xeyriyyəçilik” adı ilə örtülən qlobal güc konsentrasiyasıdır. Bir də qlobal kapitalın yenidən mərkəzləşdirilməsi və dünyanın daha sistemli yönləndirilməsidir”, – deyə iqtisadçı fikrini tamamlayıb.
Gundelik.az
