İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Fransa Yunanıstanı silahlandırır – Yeni raketlər sifariş edildi

Yunanıstan Fransanın “Exocet” gəmi əleyhinə raketlər partiyası alacaq.

Bu barədə Gundelik.az AP-yə istinadən xəbər verir.

Məlumata görə, Yunanıstanın müdafiə naziri Nikos Dendias ölkədə bir günlük səfərdə olan fransalı həmkarı Sebastien Lekornu ilə 16 ədəd “Exocet” raketinin alınması üçün müqavilə imzalayıb.

Sövdələşmənin məbləği açıqlanmayıb.

Lekornu ilə birgə mətbuata açıqlama verən Dendias, “Yunanıstanın heç kimi təhdid etmədiyini, özünün təhdid edildiyini” vurğulayıb.

Nəşr xatırladır ki, Yunanıstan NATO ölkəsidir və alyansın digər üzvü Türkiyə ilə uzun müddətdir ərazi mübahisələri var. Son onilliklər ərzində bu, Egey dənizi və Aralıq dənizinin şərqində hərbi münaqişə riskini dəfələrlə artırıb.

Artıq silahlı qüvvələrin bütün qollarını əhatə edən ölkənin hərbi-sənaye kompleksinin modernləşdirilməsi 2010-2018-ci illərin maliyyə böhranı ilə əlaqədar müdafiə xərclərinin uzun illər kəsilməsindən sonra son illərdə həyata keçirilib. Əsas diqqət Fransa, İsrail və ABŞ ilə hərbi əməkdaşlığa yönəlib.

“Exocet” gəmi əleyhinə raketi 1974-cü ildə hazırlanıb. Bu raketlər 25-dən çox ölkənin donanması və hava qüvvələrinin xidmətindədir. Bu raketlərin buraxılışı gəmilərdən, sualtı qayıqlardan, təyyarələrdən və helikopterlərdən həyata keçirilə bilər.

Sözügedən raketin modifikasiyadan asılı olaraq atəş məsafəsi 40 ilə 180 km arasındadır.

Gundelik.az