Ədəbi suprematizm:
Holizm
Elə şeylər var dağılsa da gözəl olur;
parçalanmış nar misalı – hər dənə bir aləm,
hər aləm bir estetika, həzz mənbəyi.
Amma bir məsələ var:
ha çalış yığasan o dənələri,
xeyri yox, yenidən nar alınmaz;
elə şeylər var
bütöv halında bir ayrı gözəllik.
Elə şeylər də var, dağılsa bitdi demək.
Nə dağılmış halı faydalı,
nə də geriyə dönüşü mümkün: nizamsızlıq – xaos;
heç bir qanunu da işə yaramaz burada:
görünür, “kəpənək qanad çalıb” hardasa.
Axşam qatarında
sınmış fincan qırıqlarını toplayan
gənc ananın məyusluğu anlatdı bir daha:
təkcə hissələrinin cəmindən
ibarət deyilmiş var olan və
riyaziyyat da acizdi bu zaman.
Gülümsəyin, xanımlar və cənablar!
Gülümsəyin və fürsəti qaçırmayın:
Həyat tam və indiki zaman halında daha mənalı,
ayrı-ayrı anlar əvəz etməz onu.
Yanımızdan keçən anlar –
gah “nar dənələri”,
gah da qırıq-qırıq fincan misalı.
… – 15.09.2026
V şəklində uçuş – azadlığın fəlsəfəsi
Qadın həbsxanası …
Tikanlı məftilə qonan quş
birdən pırr edib uçdu
məhbus qadınların gözləri qarşısında
və qəfil uçuşun arxasınca yüyürdü baxışlar.
Doğrusu, mən nə məhbus qadınları,
nə də onların baxışlarını gördüm.
Mən həbsxana divarının yanından ötərkən
Bir quşun ürküb tikanlı məftildən
aralandığının şahidi oldum və qəfil uçuşun arxasınca
yüyürən baxışlar barədə düşündüm qeyri-ixtiyari:
elə şeylər var o qədər aşkar ki, şübhə doğurmaz.
Sonra ayaq saxlayıb,
V şəkilli uçuşları seyr etdim bir qədər: VVV …
hər biri ayrılıqda
bir uçağı xatırladar səmada həm də.
Və
azadlığın əsl fəlsəfəsini anladım:
azadlıq vərdiş imiş, demə,
hər yaranmışda olmayan bacarıq –
başqa heç nə.
Məsələn, quşların uçmaq vərdişi kimi.
… – 29.09.2019
Sahibsiz ev və vaxtın səsə çevrilməsi
Vaxtiylə bu evin sahibini tanıyırdım,
indi qarşısında dayandığım
üçmərtəbəli evi deyirəm.
Gülərüz, şən adam idi – həyatla dolu.
Arabir kədər sezilərdi gözlərində
pəhləvan cüssəli bu adamın.
Qəfil dünyasını dəyişdi.
Hazırda heç kim yaşamır evdə.
Yaxın qohumlarından biri
binanın qarşısındakı ağacları sulayırdı
mən binanın qarşısından keçərkən.
Saralmış yarpaqları, çürümüş meyvələri
süpürüdü bir qadın küçədən.
Səs dəyir qulağıma: çıq. çıq. çıq … Yadıma düşür,
dəhlizdə iri bir saat asılmışdı divardan. Fikirləşirəm:
saat işləyir hələ də.
Vaxtı səsə çevirir saat,
səs dalğa şəklində yetirir özünü mənə.
Beləcə, hər bir şey ya ani, ya da tədricən
çevrilir başqa bir şeyə “yoxolma” adıyla.
Uzaqlaşdıqca gözdən itir bina, ağaclar,
ağac sulayan kişi, küçə süpürən qadın … mənzərənin
ağ-qara təsviri köçür yaddaşıma, qulağımda hələ də
saatın çıqqıltısı – vaxtın möcüzə dolu harmoniyası.
… – 29.09.2019
Gundelik.az
