Qlobal iqtisadiyyatın dayanıqlığı bir çox hallarda strateji nəqliyyat marşrutlarının təhlükəsizliyindən və fasiləsiz fəaliyyətindən asılıdır. Bu baxımdan dünya enerji və ticarət sistemində mühüm yer tutan Hörmüz boğazı ətrafında baş verən hadisələr təkcə enerji bazarlarına deyil, eyni zamanda ərzaq təhlükəsizliyinə də ciddi təsir göstərmək potensialına malikdir. Xüsusilə gübrə və digər kənd təsərrüfatı üçün həyati əhəmiyyət daşıyan məhsulların daşınmasında bu marşrutun rolu nəzərə alındıqda, mümkün blokada ssenariləri qlobal miqyasda qiymət artımını və inflyasiya risklərini artırır.
Mövcud vəziyyətin dünya və Azərbaycan iqtisadiyyatına mümkün təsirlərini dəyərləndirmək məqsədilə Gundelik.az xəbər portalı tanınmış iqtisadçı ekspert Əyyub Kərimli ilə həmsöhbət olub.
Hörmüz boğazının bağlanması dünya ərzaq bazarına necə təsir göstərə bilər?
– Hörmüz boğazının bağlanması, şübhəsiz ki, qlobal miqyasda qida qıtlığı riskini artıraraq ərzaq məhsullarının qiymətinin yüksəlməsinə səbəb ola bilər. Çünki bu strateji marşrut vasitəsilə yalnız neft və digər enerji daşıyıcıları deyil, həm də müxtəlif texnoloji məhsullar və dünya üzrə istehsal olunan gübrələrin təxminən 30 faizi daşınır. Bu daşımaların dayanması xüsusilə kənd təsərrüfatına, o cümlədən Avropada aqrar istehsala mənfi təsir göstərə bilər. Nəticə etibarilə ərzaq qiymətlərində artım və qlobal inflyasiya təzyiqlərinin güclənməsi müşahidə oluna bilər.
Bu proses Azərbaycanın ərzaq bazarına necə təsir edə bilər?
– Azərbaycan bazarında da müəyyən təsirlərin hiss olunacağı gözlənilir. Xüsusilə İrandan idxal olunan bəzi ərzaq məhsullarının qiymətində artım müşahidə oluna bilər. Hətta bəzi məhsullar üzrə idxalın müvəqqəti dayanması ehtimalı da istisna edilmir. Artıq bazarda İran mənşəli məhsulların qiymətlərində müəyyən artım qeydə alınmaqdadır.
Əyyub müəllim, bu vəziyyət ölkədə ərzaq qıtlığı yarada bilərmi?
– Hesab edirəm ki, Azərbaycanda ciddi ərzaq qıtlığının yaranması ehtimalı aşağıdır. Çünki ölkəmizə idxal olunan ərzaq məhsulları yalnız bir mənbədən asılı deyil. Statistik göstəricilərə görə, İrandan idxal olunan ərzaq məhsullarının illik həcmi təxminən 200 milyon dollar təşkil edir ki, bu da ümumi idxalın cəmi 1 faizinə bərabərdir.
Əsas ərzaq idxalı isə digər ölkələrdən – Rusiya və Belarus kimi MDB dövlətlərindən, Türkiyədən, həmçinin Gürcüstan və Qazaxıstandan həyata keçirilir. Bu isə alternativ mənbələrin mövcudluğunu təmin edir və daxili bazarın sabitliyini qoruyur.
Ümumilikdə hansı nəticəni çıxarmaq olar?
– Qlobal miqyasda baş verən proseslər fonunda Azərbaycanda ərzaq məhsullarının qiymətində müəyyən artımın baş verməsi qaçılmaz görünür. Xüsusilə idxal olunan qida məhsullarında bahalaşma müşahidə oluna bilər. Lakin genişmiqyaslı ərzaq qıtlığı ehtimalı olduqca aşağıdır.
Ümid edirik ki, regionda mövcud geosiyasi gərginlik qısa müddətdə aradan qalxacaq və bu proseslərin dünya iqtisadiyyatına mənfi təsirləri tədricən azalacaqdır.
Gundelik.az

