Psixoloji travmalar və şüuraltının görünməyən yaraları
Müharibə təkcə cəbhədə baş vermir. Onun səssiz və görünməyən cəbhəsi insan psixologiyasıdır. Partlayış səsləri susduqdan sonra belə, insanın daxilində davam edən gərginlik, qorxu və narahatlıq uzun illər silinmir. Bəs müharibə insanın şüuraltına necə təsir edir? Bu travmalar niyə uzun müddət qalır və hətta nəsildən-nəslə ötürülə bilir?
Gundelik.az xəbər saytı bu mövzu ilə bağlı NAN Academy-nin təsisçi və rəhbəri, Educlub platformasının rəhbəri, NLP mütəxəssisi və şəxsi inkişaf koçu Nərgiz Məmmədova ilə müsahibə alıb.
Nərgiz xanım, müharibə insan psixologiyasına ilk olaraq necə təsir edir?
Müharibə şəraitində insan beyni avtomatik olaraq “sağ qalma rejimi”nə keçir. Bu zaman sinir sistemi üç əsas reaksiyadan birini aktivləşdirir: mübarizə, qaçış və ya donma. Bu, insanın özünü qoruma mexanizmidir və həyatın davamı üçün vacibdir.
Bu “sağ qalma rejimi” müharibədən sonra da davam edirmi?
Bəli, əsas problem də məhz burada başlayır. Təhlükə aradan qalxdıqdan sonra belə, beyin bu vəziyyətdən dərhal çıxmaya bilər. Şüuraltı yaddaş travmatik hadisələri bitmiş kimi deyil, davam edən təhlükə kimi saxlayır. Nəticədə insan səbəbsiz narahatlıq hiss edir, kiçik stimullara belə güclü reaksiyalar verir və bədən daim gərgin vəziyyətdə qalır.
Şüuraltının zaman anlayışı bu prosesdə hansı rolu oynayır?
Şüuraltı üçün zaman anlayışı fərqlidir. Keçmişdə yaşanan travma psixoloji olaraq indiki an kimi təkrar yaşana bilər. İnsan bəzən fərqində olmadan həmin hissləri yenidən yaşayır. Bu da travmanın uzunmüddətli təsirini daha da gücləndirir.
Bu cür travmalar insan davranışında hansı dəyişikliklər yaradır?
Travma insan davranışında ciddi dəyişikliklərə səbəb olur. İnsan daha qapalı və ehtiyatlı olur, riskdən qaçma meyli artır, insanlara və həyata qarşı güvən azalır. Bəzən isə bunun əksi müşahidə olunur — aqressivlik artır, emosional partlayışlar baş verir. İnsan daha tez əsəbiləşir və reaksiyalarını idarə etməkdə çətinlik çəkir.
Müharibə travmasının təsiri yalnız həmin insanla məhdudlaşırmı?
Xeyr, bu təsir çox vaxt daha geniş olur. Araşdırmalar göstərir ki, travma yalnız onu yaşayan insanla məhdudlaşmır. Müharibə yaşamış insanların qorxu, stress və davranış modelləri uşaqlara da ötürülə bilər.
Bu nəsillərarası ötürülmə necə baş verir?
Bu əsasən üç istiqamətdə baş verir:
- Valideyn davranışları və reaksiyaları
- Ailə daxilində formalaşan emosional mühit
- Şüuraltı qorxu və təhlükə modelləri
Uşaqlar valideynlərinin sözlərindən çox, onların davranışlarını və hisslərini mənimsəyirlər. Bu səbəbdən onlar birbaşa müharibə yaşamasa belə, onun psixoloji təsirini daşıya bilirlər.
Belə vəziyyətdə çıxış yolu nədir?
Müharibədən sonra yalnız fiziki bərpa kifayət deyil. İnsanların psixoloji vəziyyətinə də xüsusi diqqət yetirilməlidir. Psixoloji dəstək, maarifləndirmə və düzgün yanaşma bu travmaların təsirini azaltmaq üçün vacibdir. Çünki müharibə bitə bilər, amma onun insanın daxilində yaratdığı təsirlər uzun müddət davam edir.
Gundelik.az
