Gundelik.az Müsahibə Dörd günün dərsi: Aprel döyüşlərindən Vətən müharibəsinə gedən yol
Müsahibə Xəbərlər

Dörd günün dərsi: Aprel döyüşlərindən Vətən müharibəsinə gedən yol

Aprel döyüşləri Azərbaycan hərb tarixində dönüş nöqtəsi olmaqla yanaşı, milli iradənin, strateji düşüncənin və güclü ordu modelinin real sınaqdan çıxdığı mühüm mərhələ kimi qiymətləndirilir. 2016-cı ilin aprelində baş verən bu qısa, lakin taleyüklü döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığını, dövlət rəhbərliyinin qətiyyətini və xalq–ordu birliyinin sarsılmazlığını bütün dünyaya nümayiş etdirdi. Məhz bu zəfər sonrakı illərdə əldə olunan uğurların, xüsusilə 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbənin ideoloji və hərbi əsaslarını formalaşdırdı.

Gundelik.az olaraq Aprel döyüşlərinin ildönümü münasibətilə ehtiyatda olan polkovnik-leytenant Elmar Hüseyn ilə həmsöhbət olduq. O, həmin döyüşlərin hərbi-strateji əhəmiyyətindən, nəticələrindən və sonrakı proseslərə təsirindən geniş bəhs edib.

 Elmar müəllim, Aprel döyüşlərini ümumilikdə necə xarakterizə edərdiniz?

– Aprel döyüşləri Azərbaycan tarixinin şanlı səhifələrindən biridir. Bu döyüşlər bir daha göstərdi ki, Azərbaycan Silahlı Qüvvələri yüksək döyüş qabiliyyətinə malikdir və istənilən anda qarşıya qoyulan vəzifələri yerinə yetirməyə qadirdir. Bu, həm də dövlətimizin gücünün, xalqımızın birliyinin və Ali Baş Komandanın qətiyyətinin real təzahürü idi.

Bu döyüşlərin hərbi-strateji baxımdan əsas xüsusiyyətləri nələr idi?

– Aprel döyüşləri iki əsas istiqamətdə aparılan dərin hərbi əməliyyatlarla yadda qaldı. Qısa zaman ərzində strateji yüksəkliklər ələ keçirildi və düşmənin uzun illər qurduğu müdafiə xətti yarıldı. Bu, Ermənistan ordusunun “məğlubedilməzlik” mifinin dağılması ilə nəticələndi.

 Ermənistan tərəfinin mövqeyi və döyüşlərin dayandırılması prosesi barədə nə deyə bilərsiniz?

– Döyüşlərin ilk günlərində Ermənistan tərəfi ciddi itkilərlə üzləşdi və nəticədə müharibənin dayandırılması üçün təşəbbüslər göstərdi. Onlar anlayırdılar ki, Azərbaycan ordusunun qarşısında davam gətirmək çətindir. Bu prosesdə beynəlxalq təsirlər də rol oynadı.

 Döyüşlər zamanı Azərbaycan Ordusunun taktiki üstünlüyü nədə idi?

– Ən vacib amil qoşun növləri arasında koordinasiyanın yüksək səviyyədə qurulması idi. Xüsusi təyinatlılar, artilleriya, tank və piyada bölmələri vahid idarəetmə mərkəzi vasitəsilə effektiv şəkildə fəaliyyət göstərirdi. Bu isə əməliyyatların uğurla icrasını təmin etdi.

 Əldə olunan mövqelərin qorunub saxlanılması necə təmin edildi?

– Düşmən atəşkəsdən istifadə edərək əks-hücumlara cəhd göstərsə də, Azərbaycan Ordusu müdafiə və hücum nizamnamələrinə uyğun olaraq əldə edilmiş yüksəklikləri qoruyub saxlaya bildi. Bu, ordumuzun peşəkarlığının göstəricisidir.

 Aprel döyüşlərinin Ermənistan daxilində yaratdığı təsirlər barədə nə deyə bilərsiniz?

– Bu döyüşlər Ermənistan daxilində ciddi siyasi böhrana səbəb oldu. Hərbi rəhbərlikdə dəyişikliklər baş verdi, daxili qarşıdurmalar gücləndi. Bu da göstərdi ki, Ermənistan ordusu və siyasi rəhbərliyi ciddi problemlərlə üz-üzədir.

Bu döyüşlərin 44 günlük Vətən müharibəsinə təsiri nədən ibarət oldu?

– Aprel döyüşləri 44 günlük Vətən müharibəsinin bir növ hazırlıq mərhələsi idi. Bu döyüşlər zamanı yeni taktiki yanaşmalar sınaqdan keçirildi, texniki imkanlar qiymətləndirildi və gələcək müharibə üçün mühüm nəticələr çıxarıldı.

Tarixi baxımdan Aprel döyüşlərini əvvəlki hərbi əməliyyatlarla necə müqayisə edərdiniz?

– Əslində bu, yeni bir mərhələ idi. Amma kökləri daha əvvəlki uğurlu əməliyyatlara, xüsusilə 1994-cü ildə həyata keçirilən Horadiz əməliyyatına gedib çıxır. Yəni bu, Azərbaycanın hərbi doktrinasının davamlı inkişafının nəticəsidir.

 Sonda Aprel döyüşlərinin əsas mesajını necə ifadə edərdiniz?

– Aprel döyüşləri göstərdi ki, Azərbaycan heç vaxt öz torpaqlarının işğalı ilə barışmayacaq. Bu döyüşlər bizim gücümüzü, birliyimizi və qələbəyə olan inamımızı bütün dünyaya nümayiş etdirdi. Biz şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə minnətdarlığımızı bildiririk. Allah Azərbaycanı qorusun.

Səid Mikayılzadə 

Gundelik.az

Exit mobile version