Son günlər Yaxın Şərqdə gərginlik yenidən artıb. Xüsusilə İran ilə İsrail arasında qarşılıqlı ittihamlar, hərbi ritorikanın sərtləşməsi və regionda proksi qüvvələrin aktivləşməsi münaqişənin gələcəyi ilə bağlı ciddi suallar doğurur. Ekspertlər bu qarşıdurmanın hansı mərhələdə olduğu, onun açıq dövlətlərarası müharibəyə çevrilib-çevrilməyəcəyi və tərəflərin hərbi potensialı barədə müxtəlif qiymətləndirmələr irəli sürürlər.
Mövcud vəziyyəti hərbi-strateji baxımdan daha dəqiq anlamaq üçün hərbi ekspert Elmar Hüseyn ilə həmsöhbət olduq. O, İran–İsrail qarşıdurmasının hazırkı mərhələsini, mümkün inkişaf ssenarilərini və iki ölkənin hərbi potensialı arasındakı əsas fərqləri şərh edib.
İran–İsrail qarşıdurmasının hazırkı mərhələsini hərbi-strateji baxımdan necə qiymətləndirirsiniz?
– Hazırda İran–İsrail qarşıdurmasının mövcud mərhələsi tərəflərin kəşfiyyat məlumatlarına əsaslanaraq bir-birlərinin əsas hərbi obyektlərinə zərbələr endirməsi ilə xarakterizə olunur. Bundan əlavə, enerji infrastrukturu, yanacaq və enerji daşıyıcıları, xüsusilə də neft sektoru ilə bağlı obyektlər də hədəf alınır.
Hər iki tərəf qarşı tərəfin maliyyə və insan resurslarının tükənməsi istiqamətində hərbi-strateji addımlar atır. Bu çərçivədə əsas hərbi obyektlərin vurulması prosesi davam edir. Lakin qeyd etmək lazımdır ki, müharibənin ilkin mərhələsində – ilk üç gündə müşahidə olunan yüksək intensivlik artıq əvvəlki səviyyədə deyil, müəyyən səngimə müşahidə olunur.
Düşünürəm ki, bu vəziyyət müəyyən danışıqların aparılması və ya danışıqlar masasına çıxmaq üçün tərəflərin mövqelərini gücləndirməyə çalışması ilə bağlı ola bilər. Yəni, hazırkı hərbi əməliyyatlar müəyyən mənada gələcək danışıqların şərtlərini formalaşdırmaq məqsədi daşıyır.
Bu münaqişə klassik dövlətlərarası müharibəyə çevrilə bilərmi, yoxsa hibrid və proksi müharibə kimi qalacaq?
– Açıq və klassik dövlətlərarası müharibəyə çevrilməsi ehtimalını çox yüksək hesab etmirəm. Lakin burada tərəfləri dəstəkləyən dövlətlərin mövcudluğu münaqişənin davamlı xarakter almasına səbəb ola bilər.
Məsələn, İranın Rusiya, Çin və Koreya kimi müttəfiqləri ilə əməkdaşlığı çərçivəsində kəşfiyyat məlumatlarının əldə edilməsi, hədəflərin dəqiqləşdirilməsi, hava hücumundan müdafiə sistemlərinin təmin edilməsi kimi məsələlər gündəmə gələ bilər. Eyni zamanda uzaqmənzilli və ballistik raketlərin istifadəsi zamanı hədəflərin müəyyənləşdirilməsi üçün müttəfiq dövlətlərin kəşfiyyat məlumatlarından istifadə oluna bilər.
Digər tərəfdən, İsrail tərəfindən ABŞ, Böyük Britaniya və Fransanın regiondakı hərbi bazalarının istifadə edilməsi də münaqişənin daha geniş geosiyasi çərçivəyə malik olduğunu göstərir. Bu baxımdan artıq münaqişənin yalnız iki dövlət arasında deyil, daha geniş beynəlxalq güclərin təsir dairəsində davam etdiyini demək mümkündür.
İran və İsrail ordularının hərbi potensialı və texnoloji imkanları arasında əsas fərqlər hansılardır?
– İran və İsrail orduları arasında əsas fərqlərdən biri İsrailin hava müdafiə sistemlərinin daha inkişaf etmiş olmasıdır. İsrail bu sahədə ciddi texnoloji üstünlüklərə malikdir.
Bundan əlavə, İsrailin hədəflərinin İran ərazisindən daha uzaq məsafədə yerləşməsi də mühüm amildir. İranın isə müasir qırıcı təyyarələrinin sayının məhdud olması və hava müdafiə sistemlərinin müəyyən hallarda sıradan çıxarılması İsrailə müəyyən üstünlük verir.
Lakin müharibənin proksi qüvvələr vasitəsilə davam etdirilməsi bu qarşıdurmanı daha uzunmüddətli edə bilər. Bu isə Yaxın Şərqdə müharibə ocağının genişlənməsi və digər dövlətlərin də prosesə cəlb olunması ehtimalını artırır.
Məsələn, Livan kimi ölkələrdə fəaliyyət göstərən qüvvələrin münaqişəyə qoşulması mümkündür. Həmçinin digər münaqişələrdə də oxşar hallar müşahidə olunub. Məsələn, Rusiya–Ukrayna müharibəsində Koreya qoşunlarının istifadəsi kimi nümunələr göstərilə bilər.
Ümumilikdə, müharibənin gələcək inkişafı bir sıra amillərdən asılıdır. Hazırda İranın daha uzunmüddətli müharibəyə hazırlaşdığı hiss olunur. Bununla belə, hədəflərin zərərsizləşdirilməsi istiqamətində İsrail və ABŞ hərbi qüvvələrinin fəaliyyəti də davam edir.
Son saatlarda da İsrail qırıcılarının Tehranda müəyyən hədəflərə zərbələr endirməsi ilə bağlı məlumatlar yayılıb.
Tərtib etdi: Məhəmməd Nəzərov
Gundelik.az

