Yaxın Şərqdə baş verən geosiyasi proseslər dünya enerji bazarına birbaşa təsir göstərən əsas amillərdən biridir. Xüsusilə İsrail–İran qarşıdurması ehtimalı qlobal neft və qaz bazarlarında qeyri-müəyyənliyi artırır, qiymət dinamikasına və enerji siyasətinə yeni təsirlər yaradır. Mövcud vəziyyətin nə qədər davam edəcəyi, regiondakı hərbi və siyasi proseslərin miqyası dünya iqtisadiyyatında mühüm rol oynayan enerji resurslarının qiymətlərinə ciddi təsir göstərə bilər. Mövzu ilə bağlı Gundelik.az xəbər portalının suallarını Azərbaycan iqtisadçısı, Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin sədri Natiq Cəfərli cavablandırıb. Ekspert qarşıdurmanın enerji bazarına təsirləri, qiymət artımının səbəbləri və Azərbaycanın bu prosesdə artan strateji roluna dair fikirlərini bölüşüb.
İsrail–İran qarşıdurması qlobal neft və qaz qiymətlərinin artımına necə təsir göstərə bilər?
– Əslində, İran ətrafında baş verən hadisələrin nə qədər davam edəcəyi enerji bazarı üçün həlledici olacaq. Hazırda qiymətlərdə müəyyən artım müşahidə olunur. Xüsusilə qaz qiymətləri daha sürətlə yüksəlir. Neft qiymətləri isə gözləntilərlə müqayisədə nisbətən aşağı qalır. Müharibədən əvvəlki dövrlə müqayisədə təxminən 10 dollarlıq artım var.
Bununla yanaşı, qaz bazarında vəziyyət daha kəskindir. Qaz qiymətləri iki dəfədən çox artıb. Bunun əsas səbəblərindən biri Qətərin sıxılmış təbii qaz istehsalı və ixracını tamamilə dayandırmasıdır. Halbuki Qətər Avropanın qaz təminatında təxminən 25–30 faiz paya malikdir.
Yəni burada əsas faktor zaman amilidir. Əgər gərginlik uzun müddət – aylarla davam edərsə, enerji bazarında ciddi təlatümlərin yaranması mümkündür. Belə bir halda neftin qiymətinin 100 dolları keçməsi ehtimalı da var. Amma hazırkı mərhələdə vəziyyət kritik həddə çatmayıb. Məsələn, ötən il hər hansı müharibə olmadan belə neft qiymətləri 86–87 dollara qədər yüksəlmişdi. Hazırda isə qiymətlər təxminən 81–82 dollar civarındadır. Dünyada neft istehsalında bolluq olduğu üçün bazarda ciddi çatışmazlıq müşahidə olunmur.
Yaxın Şərqdə gərginliyin artması enerji ixrac edən ölkələrin iqtisadi siyasətini necə dəyişə bilər?
– Hazırda dünya okeanlarında və açıq dənizlərdə təxminən 200 milyon barelə yaxın neft yüklü tanker mövcuddur. Müharibə ehtimalını nəzərə alan bir sıra şirkətlər əvvəlcədən belə addım atıblar. Məsələn, Səudiyyə Ərəbistanının ən böyük şirkəti olan Saudi Aramco öz neftini tankerlərə yükləyərək faktiki olaraq onları üzən anbar kimi istifadə edir.
Bu baxımdan, hazırda bazarda ciddi problem görünmür. Lakin yenə də Yaxın Şərqdə baş verən hadisələrin miqyası və davametmə müddəti çox vacibdir. Əgər qarşıdurma qısa müddətdə – məsələn, bir neçə həftə ərzində danışıqlar yolu ilə başa çatarsa, dünya enerji bazarı müəyyən vaxtdan sonra əvvəlki qiymət koridoruna geri qayıda bilər.
Bu qarşıdurma nəticəsində enerji bazarında alternativ marşrutların və mənbələrin əhəmiyyəti artacaqmı?
– Şübhəsiz ki, belə münaqişələr alternativ enerji mənbələrinin və marşrutlarının əhəmiyyətini artırır. Bu baxımdan Azərbaycanın rolu da daha da ön plana çıxır. Azərbaycana ehtiyac duyan ölkələrin sayı artır.
Hazırda Azərbaycan boru kəmərləri vasitəsilə artıq 16 ölkəyə təbii qaz nəql edir. Boru kəməri ilə qaz nəqli həm daha təhlükəsiz, həm də daha ucuz hesab olunur. Buna görə də regionda gərginlik artdıqca Azərbaycan kimi sabit enerji tərəfdaşlarının əhəmiyyəti daha da yüksəlir.
Tərtib etdi: Jalə Əliyeva
Gundelik.az
