Bəzən insan bir münasibətdə qalır, çünki sevilir deyə yox, tərk edilməkdən qorxur. Sevgi adı altında yaşanan bu bağlılıqların çoxu əslində emosional ehtiyacların yanlış ünvana yönəlməsidir. Qarşı tərəfin verdiyi qeyri-müəyyən ümid, fasilələrlə göstərilən diqqət və susqunluqla qarışıq yaxınlıq insanın beynində “bağ”, “itki qorxusu” və “ümid” kimi kodlanır. Beləliklə, sevgi yoxluğunda belə münasibət davam edir, çünki ayrılıq artıq təkcə emosional deyil, varlıq təhlükəsi kimi hiss olunur.
Bu nöqtədə insan qarşı tərəfi ideallaşdırır, öz suallarını isə susdurur. “O niyə belədir?” sualı onu münasibətdə saxladığı halda, “Mən niyə buna razıyam?” sualı insanı özünə doğru aparan ilk addım olur. Asılılıq yaradan münasibətlərdə ağrı tanışdır, dəyişmək isə qorxuludur. İnsan bəzən tanış ağrı ilə qalmağı naməlum azadlıqdan üstün tutur. Halbuki təhlükə münasibətin bitməsində yox, insanın özündən uzaqlaşmasındadır.
Emosional asılılığın psixoloji mexanizmləri, sevgi ilə ehtiyac arasındakı incə sərhəd, ayrılığın travmaya çevrilmədən necə baş verə biləcəyi və insanın öz dəyərinə necə qayıda biləcəyi mövzusunda NAN Academy-nin təsisçi və rəhbəri, Educlub platformasının rəhbəri, NLP mütəxəssisi və şəxsi inkişaf koçu Nərgiz Məmmədova ilə söhbət etdik.
Bu müsahibə sevginin yoxluğunu deyil, insanın özündən uzaq düşdüyü anları anlamağa çağırır.
– Nərgiz xanım, tez-tez qeyd edirsiniz ki, bəzi münasibətlərdə sevgi yox, emosional ehtiyacın yanlış ünvana yönəlməsi baş verir. İnsan bunu niyə sevgi kimi qəbul edir?
– Çünki insanın ehtiyacı qarşılandıqda beyin bunu sevgi ilə səhv salır. Əslində burada sevilmək yox, tərk edilməmək arzusu ön plana çıxır. Qarşı tərəf sevgi verməsə də, ümid saxlayır. Beyin isə bu qeyri-sabitliyi “bağ”, “ümid” və “itki qorxusu” kimi kodlayır. Nəticədə insan sevgiyə yox, qorxuya bağlanır.
– Bu tip münasibətlərdə insan niyə qarşı tərəfi ideallaşdırır?
– Çünki ideallaşdırmaq reallıqdan qaçmağın ən rahat yoludur. İnsan “O niyə belədir?” sualı ilə məşğul olduqca məsuliyyəti öz üzərindən atır. Halbuki əsas dönüş nöqtəsi “Mən niyə buna razıyam?” sualını verməkdir. Bu sual insanı qarşı tərəfdən ayırıb özünə qaytarır.
– Siz asılılığın tədricən formalaşdığını deyirsiniz. Bu mexanizm psixologiyada necə izah olunur?
– Sevgi davamlı verilmədikdə, beyin onu mükafat kimi qəbul edir. Bu, qumar mexanizminə bənzəyir: nə vaxt sevgi gələcəyi bilinmir, amma ümid daim saxlanılır. Bu qeyri-müəyyənlik dopamin sistemini aktivləşdirir və asılılıq yaranır. İnsan qarşı tərəfi yox, ehtimalı itirməkdən qorxur.
– İnsan niyə belə münasibətlərdə qalmağa davam edir, halbuki əziyyət çəkir?
– Çünki tanış ağrı naməlum azadlıqdan daha təhlükəsiz görünür. İnsan öz dəyərini qarşı tərəfə bağlayır və ayrılıq zamanı tək qalmaq qorxusu yaşayır. Dəyişmək risklidir, qalmaq isə tanışdır. Psixika çox vaxt tanış olanı seçir.
– Ayrılıq qərarı vermək üçün insan nəyə əmin olmalıdır?
– İnsan sevilmədiyinə təkcə emosional yox, şüurlu şəkildə də əmin olmalıdır. Beyin və ürək eyni nöqtədə görüşmədikcə bu oyun bitmir. İnsan dərk etməlidir ki, təhlükə münasibət bitəndə yox, insan özündən uzaqlaşanda yaranır.
– Ayrılıqdan sonra tez-tez yaşanan “kaş belə desəydim” düşüncələri nəyi göstərir?
– Bu, qapanışın baş vermədiyini göstərir. İnsan reallığı qəbul etmədikdə özünü günahlandırmağa başlayır: “Mən yetərli olmadım”, “Çox şey istədim”. Halbuki bu düşüncələr sevgi yoxluğundan yox, dəyər boşluğundan qaynaqlanır.
– Siz deyirsiniz ki, sağlam qapanış zamanla yox, şüurlu şəkildə olur. Bu nə deməkdir?
– Zaman sadəcə ağrını azaldır, amma səbəbi aradan qaldırmır. Şüurlu qapanış isə insanın özünü sübut etməyi dayandırması ilə başlayır. Sevilmək üçün verdiklərini geri çəkəndə dəyər hissi bərpa olunur. İnsan anlayır ki, sevilmək üçün özündən imtina etməyə ehtiyac yoxdur.
– İnsan tək qalmaqdan qorxanda hansı emosional boşluqları yaşayır?
– Əsasən üç boşluq olur: dəyər, təhlükəsizlik və mənlik boşluğu. Bu boşluqlar dolmadan ayrılıq mümkün olmur. İnsan tək qalanda da dağılmadığını gördükdə təhlükəsizlik hissi bərpa olunur və asılılıq zəifləyir.
– NLP və şəxsi inkişaf metodları bu prosesdə insana necə kömək edə bilər?
– NLP insana avtomatik düşüncə dövrələrini fərq etdirməyə kömək edir. İnsan başa düşür ki, hiss etdiyi qorxu reallıq deyil, keçmiş təcrübənin izidir. Bu fərq yarandıqda seçim azadlığı da geri qayıdır.
– Son olaraq, bu vəziyyətdə olan insanlara nə demək istərdiniz?
– Sevgi insanı özündən uzaqlaşdırmamalıdır. Əgər bir münasibətdə qalmaq üçün özünü sübut etməlisənsə, orada sevgi yox, ehtiyac var. İnsan özünə qayıtdığı an asılılıq gücünü itirir.
AYNUR TURAN
Gundelik.az
