İngilis uşaq yazıçısı və rəssamı, alimi Elen Beatriks Potter (28 iyul 1866, London – 22 dekabr 1943, Nir-Sorey) uşaqlıqdan təbiəti, heyvanları sevir və böyüdükdən sonra uşaqlıq arzusunu həyata keçirərək Londondan “Hill-Top” malikanəsinə köçür. O, burada həm təbiətə aid illüstrasiyalar çəkir, həm də onlara hekayələr, nağıllar qoşurdu. Onun yazıçı və rəssam kimi yolu 1902-ci ildən başlayır.
Məhz həmin il naşir Frederik Uorn onun “Dovşan Piter haqqında nağıl” adlı kitabını nəşr edir. Elen Beatriks Potter daha çox heyvanlardan bəhs edən uşaq kitablarına üstünlük vermişdir. Ən məşhur əsəri “Dovşan Peterin bütün macəraları”-dır. Bundan sonra onun ildə iki kitabı çap olunmağa başlayır. B.Potter İngiltərədə təbiətin qorunmasına ilk başlayanlardan olmuşdur. O, müflis olmuş qonşularının fermalarını almış, lakin onların təsərrüfatla məşğul olmalarına imkan yaratmışdır. Yaziçi 4000 akr torpaq və 15 fermanı Milli parka vəsiyyət etmişdir. Onun “Uxti-Tuxti”, “Dovşan Piter və digər macəralar”, “Ətli piroq haqqında nağıl”, “Üç siçan”, “Dələ Tressi və onun dostları”, “Balaca pişik Tom və onun dostları” və s. nağılları müxtəlif dillərə tərcümə olunmuş və ekranlaşdırılmışdır.
Gundelik.az

