Böyük ədəbiyyatşünas-alim, folklorşünas Bəhlul Abdullanın ömrü elmin işığına bələnib, elmin zəkasından nur alıbdır.
Fəlsəfə doktoru Xədicə İsgəndərli
Abdullayev Bəhlul Ağabala oğlu — ədəbiyyatşünas, tənqidçi, folklorşünas, 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1989), Əməkdar elm xadimi (2000). Bəhlul Abdulla 1940-cı il aprelin 27-də Lerik rayonu Zuvand bölgəsi Lələhiran kəndində kolxozçu ailəsində anadan olmuşdur. ADU-nun filologiya fakültəsində təhsilini davam etdirmişdir (1962-1967). Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olmuşdur (1971). “Yusif Vəzir Çəmənzəminli və folklor” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1974). Sonra institutda kiçik elmi işçi (1974-1978), böyük elmi işçi (1978-1990), folklorşünaslıq şöbəsinin müdiri (1993) olmuşdur. “Azərbaycan mərasim folkloru və onun poetikası” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Ədəbi fəaliyyətə 60-cı illərdən başlamışdır. “Qaynar çeşmə” məqaləsi “Ədəbiyyat və incəsənət” qəzetində (1 iyun 1969) çap ediləndən sonra dövri mətbuatda foklorun təbliği ilə ardıcıl məşğul olmuşdur. “Ədəbiyyat” (V sinif) dərsliyinin şərikli müəllifidir. “Aşıq Əsəd” (1979), “Azərbaycan bayatıları” (1984), “Arazam, Kürə bəndəm” (1986), “Dastanlar (1987), “Göyər səmənim, göyər” (1993), “Dava yorğan davasıymış” (1996), “Ağırlığım-uğurluğum odlara” (1996), “Koroğlu” (2000),
“Azərbaycan şifahi xalq ədəbiyyatı antologiyası” (2002), “Məktəbəqədər yaşlı uşaqlar üçün folklor antologiyası” (2002) kitablarında şifahi xalq ədəbiyyatı incilərini toplayıb tərtib və nəşr etdirmişdir. “Cənubi Azərbaycan antologiyası”nın (1,3,4) tərtibçilərindən biridir (1983-1988). 2011-ci il 25 mart tarixində gözlərini əbədi olaraq yummuşdur.
Əsərləri: “Yusif Vəzir Çəmənzəminli və folklor” (1981), “Haqqın səsi” (1989), “Azərbaycan mərasim folkloru və onun poetikası” (1990), “Kitabi – Dədə Qorqud və islam dini” (1997), “Kitabi – Dədə Qorqud poetikası” (1999), “Azərbaycan folklorunda mifoloji at” (2000), Dəli Domrul “Kitabi-Dədə Qorqud”da və Qorqudşünaslıqda” (2002), “Kitabi – Dədə Qorqud” da rəng simvolikası” (2004), “Salur Qazan” (2005), “Azərbaycan mərasim folkloru” (2005), “Folklorda say simvolikası” (2006), “Kitabi – Dədə Qorqud” da nitq etiketlərinin etnomifik poetikası” (2007), Kitabi – Dədə Qorqud” da xanımlar” (2009) və s. Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat kitabı. – Bakı : Nurlar
Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.S 123.
Gundelik.az

