“İnsan kərpic kimidir – yandıqca möhkəmlənər. Əgər xoşbəxtliyi təqib edərək, bir zaman ona qovuşa bilsəniz, onda öz eynəyini axtaran qoca qarı kimi aşkar edəcəksiniz ki, o hər zaman burnunuzun ucunda olub.”
Corc Bernard Şou
Corc Bernard Şou – ədəbiyyat sahəsində “Nobel” mükafatı almış və “Oskar”-a layiq yeganə insandır. Dövrünün görkəmli tənqidçisi, həm də ingiliscə yazan dramaturqlar içərisində Şekspirdən sonra ən məşhurudur. Onun hədəfə tuş gələn sitatları onun dünya görüşünün bütün dərinliyini ortaya qoyur. Corc Bernard Şou irland əsilli tanınmış Böyük Britaniya yazıçısı, dramaturq, ədəbiyyat üzrə Nobel mükafatı laureatıdır (1925).
İrland dramaturqu və tənqidçisi Corc Bernard Şou Dublində doğulmuşdur. Janr və forma baхımından seçilən 60-dan çoх pyesin müəllifidir. Yaradıcılığında sosial mövzulara daha çoх diqqət yetirmişdir. Özünün də etiraf etdiyi kimi daha çox oxuduğu kitabların Şekspirin, Dikkensin əsərlərinin, “Min bir gecə” nağıllarının, İncilin təsiri altında formalaşmışdır. Dram yaradıcılığına başlamamışdan əvvəl Bernard Şou 1885-1890-cı illərdə Londonun “Uorld”, “Star” kimi populyar qəzetlərinin teatr və musiqi tənqidçisi olmuşdu. İngilis şairi U.Oden onu “bəlkə də bütün zamanların ən yaхşı musiqi tənqidçisi” adlandırmışdı. Teatrşünas kimi guşə apardığı “Saterdey revyu” qəzetində Şou realist dramlar və İbsen yaradıcılığı haqqında
məqalələrlə çıхış edirdi. Onun “İbsenizmin mahiyyəti” kitabçası (1891) həmin dövrdə Avropada populyar olan Norveç sənətkarı haqqında ingilis dilində ilk ciddi tədqiqat əsəri idi. Məhz bu əsərin təsiri ilə İbseni ingilis səhnəsində tamaşaya qoyan rejissor T.Qreyn Şounun özünü pyes yazmağa təşviq etmişdi. Şounu dramaturq kimi tanıdan ilk əsəri 1897-ci ildə ABŞ-da tamaşaya qoyulan “Şeytanın şagirdi” pyesi oldu. Müəllif vətəni Britaniyadan əvvəl Amerikada şöhrət qazandı. 1898 -ci ildə o, əsərlərinin iki cildliyini “Хoşa gələn və хoşa gəlməyən pyeslər” adı altında çap etdirmişdi. “Şeytanın şagirdi”nin ardınca müəllifin 1903-cü ildə “Kandid” pyesi də ABŞ səhnəsində göstərilmişdi. Növbəti ildə isə Londonun Kort teatrında oynanılan “Con Bullun başqa adası” pyesi böyük rəğbətlə qarşılandı. 1938-ci ildə “Piqmalion” pyesinin motivləri əsasında çəkilən filmə görə Şou həm də Oskar mükafatı aldı. O, ədəbiyyat və incəsənət sahəsində hər iki məşhur mükafata layiq görülən yeganə sənət adamı olaraq qalmaqdadır.
Əsərləri: “Kandid”, “Yaşayarıq, görərik”, “İnsan və fövqəlinsan”, “Mayor Barbara”, “Həkim dilemma qarşısında”, “Bayandın milyardları”, “Con Bullun başqa adası”, “Piqmalion”, “Şeytanın şagirdi”, “İbsenizmin mahiyyəti” və s.
Gundelik.az

