Gundelik.az Tarixdə bu gün 26 Avqust – Beynəlxalq Azərbaycan Muğamı Günü, (2010)
Tarixdə bu gün

26 Avqust – Beynəlxalq Azərbaycan Muğamı Günü, (2010)

       Avqustun 26-sı Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu Üzərində Yerləşən Ölkələrin Musiqisi Günü kimi qeyd olunur. 2010-cu ildə Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Niaqara Musiqisi festivalının rəhbərliyi tərəfindən qəbul olunan bu qərar xalqımızın milli sərvəti olan muğamın bəşəri musiqiyə çevrildiyini bir daha təsdiq edir. Bu tarix muğamsevərlər, ömrünü bu sənətin yaşamasına və təbliğinə həsr edənlər üçün əziz bayramdır.        Azərbaycan muğamının müasir tarixində ölkəmizin

birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli silsilə tədbirlər müstəsna rol oynayır. Bu fəaliyyətin nəticəsidir ki, son illər muğam ifaçılığı ən müxtəlif aspektlərdən hərtərəfli dəstək alaraq, sözün əsl mənasında, intibah dövrünü yaşayır.

YUNESKO-nun  qərarı  ilə  dünya  mədəniyyətinin  qeyri-maddi  irsinin  bəşəri  əhəmiyyətə malik sərvətləri sırasına daxil edilməsi muğamın,  tar  ifaçılığı sənətinin təkcə xalqımızın deyil, bütün bəşəriyyətin misilsiz mədəni sərvətinin ayrılmaz hissəsi kimi qiymətləndirilməsidir. Ölkəmizdə “Muğam aləmi” Beynəlxalq muğam festivallarının, müsabiqələrin, muğam konsertlərinin, simpoziumların təşkili, “Qarabağ xanəndələri” albomunun buraxılması, “Muğam”  jurnalının,  “Muğam  ensiklopediyası”nın nəşri, müasir texnologiyalara  əsaslanan  və  8  diskdən  ibarət “Azərbaycan muğamı” multimedia  toplusunun  hazırlanması Heydər Əliyev Fondu və Azərbaycan Mədəniyyət  Fondunun  bu  sahəyə  göstərdiyi  diqqətə  bariz  nümunələrdəndir.

        Xalqımızın şərəfli və keşməkəşli tarixini səslərdə əbədiləşdirən muğamlarımız ən ağrılı-acılı günlərimizdə həm də təskinliyimizdir. Heyrətamiz hisslər, düşüncələr, müdriklik mənbəyi olan muğam bütün hallarda – qüssəli, sevincli, anlarımızda ovqatımıza təsir edir, azadlığa və müstəqilliyə qovuşduğumuz anların fərəhini yaşadır və bizləri qələbəyə səsləyir.

Gundelik az

 

Exit mobile version