Gundelik.az Elm və təhsil Ədəbiyyat İnsan başqasının və ya başqalarının məsuliyyətini daşımaqdan imtina etdikdə məhv olur – Aqşin Yenisey yazır…
Ədəbiyyat Xəbərlər

İnsan başqasının və ya başqalarının məsuliyyətini daşımaqdan imtina etdikdə məhv olur – Aqşin Yenisey yazır…

Dostluq nədir? Özünə aid etdiyin və aid olduğun birinin məsuliyyətini daşımaq. 

Vətən nədir? Özünə aid etdiyin və aid olduğun bir ərazinin məsuliyyətini daşımaq.

Ailə nədir? Özünə aid etdiyin və aid olduğunu qrupun məsuliyyətini daşımaq. 

Xoşbəxtlik və bədbəxtlik bu məsuliyyətin nəticəsidir və həmişə başqasıyla bağlıdır. İnsanın özünə aid məsuliyyəti yoxdur. Robinzonun belə ada yaşayarkən xəyali bir cəmiyyəti vardı və o, özünü xəyali cəmiyyətiylə məsuliyyətə cəlb edirdi. 

İnsan başqasının və ya başqalarının məsuliyyətini daşımaqdan imtina etdikdə məhv olur. Əvvəlcə əxlaqi, sonra fiziki mənada.  

Əxlaq başqasına görə daşınan məsuliyyətin adıdır. 

Bu gün başqasının məsuliyyətini daşımaq insanlara axmaqlıq kimi təbliğ olunur. Evlər, küçələr cins itlərə, pişiklərə, bahalı əşyalara görə məsuliyyət daşıyan insanlarla dolub. 

İnsana görə məsuliyyət daşımaqdan boyun qaçırmaq insanlığı xilas etməyəcək, əksinə, dünyanı daha da yaşanmaz hala gətirəcək. İnsan insanın canavarına çevriləcək. 

Putinin iş yerində qonaqlarını sevimli itiylə qarşılaması artıq onun bir insan olaraq məhv olduğunun xəbərdarlığıydı.

Günümüzün heyvan, əşya sevgisinin artıq humanizmlə, rifahla bir əlaqəsi yoxdur. Bu “sevgi” insanların bir-birinə bəslədiyi nifrətin göstəricisidir. 

Qədim sufilər deyirdilər: “insanın ulaq bəsləməsi, uşaq bəsləməsindən daha yaxşıdır”. Çünki onlar ruhu bədəndə şərin dustağı hesab edirdilər. Ruhun tezbazar azad olub əsl sahibinə, tanrıya qovuşmasını istəyirdilər. Sufilərin tanrıya olan sevgisi uşağı ulaqdan urvatsız etmişdi. İnsanın deyil, tanrının məsuliyyətini daşımaq insanlığı fiziki baxımdan sərgərdanlığa sürükləyirdi. 

Günümüzün insanı insan qarşısında məsuliyyətdən yayındırılmaqla mənəvi baxımdan sərgərdanlığa sürüklənir. 

İnsanın əvəzinə sevilən şey həmişə insanlığa bədbəxtlik gətirib.

Şair, yazıçı Aqşin Yenisey 

Gundelik.az 

Exit mobile version