Gundelik.az Dünya 25 yaşlı alim futbolçuları demensiyadan qorumaq istəyir: Araşdırma mütəxəssisləri təəccübləndirdi
Dünya Xəbərlər

25 yaşlı alim futbolçuları demensiyadan qorumaq istəyir: Araşdırma mütəxəssisləri təəccübləndirdi

Cəmi 25 yaşı olan britaniyalı alim doktor İyuan Fillips futbolçularda demensiya riskini azaltmağa kömək edə biləcək yeni araşdırması ilə diqqət mərkəzinə düşüb. O, futbol topunun başla vurulması zamanı beyində yaranan təzyiq dalğalarını araşdıraraq indiyədək nəzərə alınmayan mühüm bir məqama işıq salıb.

Araşdırmanın əsası COVID-19 pandemiyası dövründə qoyulub. Karantin zamanı futbolçular arasında neyrodegenerativ xəstəliklərin daha çox müşahidə edildiyini oxuyan Fillips, topa başla zərbə endirilərkən beyində nələrin baş verdiyini araşdırmağa qərar verib. Beş il davam edən doktorantura tədqiqatı bu sahənin mütəxəssislərini təəccübləndirən nəticələr ortaya çıxarıb.

Tədqiqat çərçivəsində müxtəlif dövrlərə aid 20 növ futbol topu xüsusi sensorlarla təchiz edilmiş baş modeli üzərində sınaqdan keçirilib. Alimlər topları müxtəlif sürətlərlə modelə ataraq onların kəllə və beyinə ötürdüyü enerjini ölçüblər.

Nəticələr göstərib ki, uzun illər təhlükəli hesab edilən ağır, dəri futbol topları düşündüyü qədər zərərli deyil. Əksinə, bəzi müasir futbol topları daha sərt quruluşa malik olduqları üçün beyinə daha yüksək enerji ötürür.

Fillips bildirir ki, futbol zamanı başla vurulan zərbələr adətən beyin sarsıntısı yaratmasa da, illər ərzində minlərlə təkrarlanan kiçik zərbələr beyində təzyiq dalğaları yarada və bu da gələcəkdə demensiya riskini artırır.

Alim vurğulayır ki, hazırkı nəticələr təşviş yaratmaq üçün deyil, gələcəkdə daha təhlükəsiz futbol toplarının hazırlanması üçün əsas rolunu oynayır. Onun məqsədi oyunun keyfiyyətini dəyişmədən futbolçuların sağlamlığını daha yaxşı qoruyan yeni nəsil futbol topunun hazırlanmasına töhfə verməkdir.

Fillips hesab edir ki, əgər bu istiqamətdə araşdırmalar davam etdirilərsə, futbolçuların sağlamlığını qorumaq mümkün olacaq və bu, futbol tarixində mühüm dəyişikliklərdən birinə çevrilir.

 

Mənbə:BBC

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version