Əfəndiyev Vasif Nəsib oğlu nasir, ədəbiyyatşünas, 1964 – cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1968), böyük elmi işçi (1979). Əfəndiyev Vasif Nəsib oğlu 1935-ci il iyulun 25-də Ermənistanın Krasnoselo rayonu Qaraqaya kəndində ziyalı ailəsində anadan olmuşdur. Bakıda 17 saylı orta məktəbi bitirdikdən sonra 18 saylı orta məktəbin kitabxanasında müdir işləmişdir. ADU-nun filologiya fakultəsində təhsil almışdır (1954-1959). “Yarımçıq qalmış roman” adlı ilk hekayəsi 1955-ci ildə “Gəncliyin səsi” almanaxında çapdan çıxmışdır. Bundan sonra hekayələri və elmi məqalələri vaxtaşırı çap olunmuşdur. Azərbaycan EA Yaxın və Orta Şərq Xalqları İnstitutunun türk ədəbiyyatı şöbəsində böyük elmi işçi vəzifəsində işləmişdir. Vasif Nəsiboğlu 1995-ci il oktyabrın 16-da Bakıda vəfat etmişdir.
Əsərləri: “Etiraf” (1964), “Qismət” (1965), “Müasirlik və realizm mövqeyindən” (1972), “Barıt qoxulu bənövşə” (1984) və s.
Tərcümələri: (türkcədən, ruscadan): “Orxan Xəncərlioğlu (1989), “Abdullabəy Divanbəyoğlu” (1966)
Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.səh 908.
