“Nə qədər canımızda nəfəs var kaş küsən qəlblərə məlhəm olmağa tələsəydik. Təkcə ayrılığa, ölməyə gecikə bilsəydik…”
Əsgərova Zöhrə Qulamhüseyn qızı — nasir, publisist, 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1980). 1996- cı ildə “Xan qızı Natəvan” mükafatı laureatı, 1998-ci ildə “Araz” ədəbi ali mükafatı laureatı, 2011-ci ilin Milli Kulturoloji müsabiqəsinin mükafatçısı, 2012-ci ildə “Qızıl qələm” mükafatının laureatıdır. 2013-cü ildə yaradıcılıq uğurlarına görə Rəsul Rza adına beynəlxalq mükafata layiq görülübdür.
Zöhrə Əsgərova 1951-ci il aprelin 2-də Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Burada 199 saylı şəhər orta məktəbini bitirmişdir (1968). Bədii yaradıcılığa erkən başlamışdır. M.Ə.Sabir kitabxanası nəzdində ədəbiyyat dərnəyinin fəal üzvü olmuşdur. İlk qələm təcrübələri – məqalə və mənsur şeirləri “Azərbaycan gəncləri”
qəzetinin 1969-cu il tarixli sayında dərc edilmişdir. Zaqafqaziya komsomol məktəbinin 6 aylıq kursunda siyasi təhsil almışdır (1971). M.A.Əliyev adına İncəsənət İnstitutunun mədəni-maarif fakültəsində təhsilini davam etdirmişdir (1969-1973). Azərdövsulayihə İnstitutunda klub müdiri (1973), R.Mustafayev adına İncəsənət muzeyinin əməkdaşıolmuşdur (1974-1978). Azərbaycan ədəbi-gənclər birliyi yığıncaqlarında fəal iştirak etmişdir. “Qadın dünyası” qəzetində qadınların ictimai hərəkatına dair silsilə yazıları dərc olunmuşdur (1994). Azərbaycan Dövlət Nəşriyyatında kiçik redaktor (1978), Azərbaycan Dövlət Nəşriyyat poliqrafiya və kitab ticarəti işləri komitəsində redaktor (1979), “Yazıçı” nəşriyyatında redaktor (1980-1987), “Gənclik” nəşriyyatında yeniyetmələr üçün bədii ədəbiyyat redaksiyasında redaktor işləmişdir (1987-1993). 1999-cu ildə “Ekspress” qəzetində müxbir kimi çalışmışdır. 2003-cü ildən 2006-cı ilə qədər Bakı Bədən Tərbiyəsi və Turizm kollecində ədəbiyyat müəllimi işləmişdir. 2006-cı ildən Gənclər və İdman Nazirliyində çalışır, hal-hazırda dövlət qulluğunun kiçik müşaviridir, baş məsləhətçidir.
İki övladı var. Həzrəti Fatimeyi Zəhranın mövludu günü münasibətilə “Şəhriyar” qəzetinin xüsusi buraxılışı “Analı dünyam” jurnalını hazırlamışdır (1996). “Bahar çiçəkləri”, “Çinar pöhrələri”, “Mənim bağım, baharım” almanaxlarında, eləcə də dövri mətbuatın qəzet və jurnallarında hekayələri və əsərləri çap olunur.
Əsərləri: “Ünsiyyət” (1981), “İki tale” (1984), “Tənhalıq”(1989), “Özgə evin işığı” (1991), “Bir ömrə sığmayan arzular”, “Mirvari toy” (2006), “Özəl poçtdan məktub var”
(2011), “Talelərə yazılan musiqi” (2013), “Tarixi yaddaş və qondarma əhvalatlar” (2015) və s.
Gundelik.az

