Həyatının 50 ilini Azərbaycan teatr sənətinə həsr edən Möhsün Sənani səhnəmizin görkəmli və məşhur artistlərindən biri olmuşdur. Möhsün Sənaninin adı gələndə hər kəsin üzündə sevinc duyulur, təbəssüm görünür. Onun repertuarı zəngin və mürəkkəbdir. Sənanini xalqa sevdirən onun bənzərsiz sənətkarlığı, fitri istedadı, gənc nəslə daim qayğı ilə yanaşması olmuşdur. Sənani aktyora çox vacib olan hər cür qabiliyyətə: oxumaq, oynamaq, çalmaq bacarığına malik idi. Sənani onun təxəllüsüdür. Onun əsl familiyası Cəfərovdur. Möhsün Sənani Cəfərov 1900-cü ildə Tiflisin “Şeytanbazar” məhəlləsində ruhani ailəsində anadan olmuşdur. M. Sənaniyə Heydər bəy (“Hacı Qara”da), Süleyman bəy, Vəli (“Arşın Mal Alan”), Hambal (“Məşədi İbad”), Rzaqulu (“Nadir Şah”), Kasio (“Otello”) kimi məsul rollar tapşırılmışdır. Həmin rollar Sənaninin aktyorluğunda bir sıçrayış yaradır, ona həqiqi aktyor şöhrəti qazandırır. M.Sənani 1915-ci ildən 1920-ci ilə kimi Tiflis teatr truppasında çalışır.
M.Sənani 1921-ci ildən Bakının teatr səhnələrində parlamağa başlayır. O, nəinki teatrda, eləcə də kino sənətində də çox yadda qalan, təkrarolunmaz rollar ifa etmişdir. Bunlardan “Səbuhi”, “O Olmasın, bu Olsun”, “Sehrli Xalat” və s. filmləri qeyd etmək kifayətdir. 50 il ərzində bir gün də olsun səhnədən ayrılmayan Möhsün Sənani qədirbilən xalqımızın sevilən və məşhur sənətkarıdır. Onun zəngin səhnə təcrübəsini, yaradıcılıq xüsusiyyətlərini öyrənmək bizim gənc aktyor və kino sənətkarlarımız üçün maraqlı olduğu qədər də səmərəlidir.
Filmoqrafiya: Aktrisanın təbəssümü (film, 1974), Altıncı hiss (film, 1935), Arşın mal alan (film, 1965), Azərbaycan teatrının ustaları (film, 1966), Bayquş (film, 1924), Bəxtiyar (film, 1942), Bir məhəllədən iki nəfər (film, 1957), Bismillah (film, 1925), Bizim küçə (film, 1961), Dağlarda döyüş (film, 1967), Fətəli xan (film, 1947), İsmət (film, 1934), Kəndlilər (film, 1939), Kölgələr sürünür (film, 1958), Koroğlu (film, 1960), Qara daşlar (film, 1956), Qız qalası əfsanəsi (film, 1923)(tammetrajlı bədii film), Qüdsi (film, 2007), Mollanın sərgüzəşti (film, 1960), Nağılların Dərbəndi (film, 2006), O olmasın, bu olsun (film, 1956), Rənglərdə yaşayan kino (veriliş, 2009), Səbuhi (film, 1941), Səhər (film, 1960), Sehrli xalat (film, 1964), Sovqat (film, 1942), Su ərizəsi (film, 1964), Yeni horizont (film, 1940).
Gundelik.az
