İyul 8, 2026
Baku
Elm və təhsil Ədəbiyyat Tarixdə bu gün

17 May – Yazıçı, dramaturq Əbdürrəhim bəy Haqverdiyevin 155 illiyi, (1870-1933)

Ə. Haqverdiyev “Molla Nəsrəddin” məcmuəsinin ibtidasından… məcmuənin ən yaxın əməkdaşlarından hesab olunur.

Əbdürrəhim bəy Haqverdiyev 1870-ci il mayın 17-də Azərbaycanın Şuşa şəhəri yaxınlığında olan Ağbulaq kəndində anadan olmuşdur. Tiflis realnı məktəbini bitirəndən sonra Peterburq Yol Mühəndisləri İnstitutunda təhsil almışdır (1891-1899). Tələbəlik dövri azad müdavim sifətilə universitetin şərq fakültəsinin dinləyicisi olmuşdur. Onda ədəbiyyata güclü meyl oyanmışdır. “Yeyərsən qaz ətini, görərsən ləzzətini” (1892) və “Dağılan tifaq” (1896) əsərlərini yazmışdır. “Dağılan tifaq” (1899) Peterburqda nəşr edilmişdir. Bakıda onun rəhbərliyi ilə Şərq konsertləri verilmişdir (1902-1903), Burada ilk hekayələrini (“Ata və oğul”, “Ayın şahidliyi”) yazıb “İki hekayət” adı ilə çap etdirmişdir. 1905-ci il inqilabından sonraRusiya Dövlət Dumasına Gəncə quberniyasından nümayəndə seçilmiş, Peterburqa getmişdir (Azərbaycanın birinci diplomatlarından hesab olunur), burada dövlət kitabxanasında yeni əsərinə (Ağa Məhəmməd şah Qaçar) materiallar toplamış, İrana – Mazandaran vilayətinə səyahət etmişdir (1907). “Leyli və Məcnun” operası 1908-ci il yanvarın 12-də tamaşaya qoyulduğu zaman ilk Azərbaycan dirijoru kimi xor və orkestri, tamaşanı idarə etmişdir. “Nicat” cəmiyyətində və Kür- Xəzər gəmiçiliyi idarəsində işlədiyi dövrdə Zaqafqaziyanı, Dağıstanı, Orta Asiyanı və Volqaboyunu səyahət etmiş, “Ceyranəli”, “Xortdan”. “Həkimi-nuni-səqir”, “Lağlağı”,”Mozalan”, “Süpürgəsaqqal” və s imzalarla “Molla Nəsrəddin” jurnalında hekayə, felyeton çap etdirmişdir. Həştərxanda yaşadığı müddətdə şəhərin mədəni-ictimai həyatında ciddi çalışmışdır (1910). Sonra Ağdama köçüb orada yaşamışdır (1911-1915). Tiflisdə “Şəhərlər ittifaqının Qafqaz şöbəsi xəbərləri” adlı aylıq məcmuənin müdiri olmuş (1916-1917), fevral inqilabından sonra Tiflis İcraiyyə Komitəsinə və onun mərkəzi şurasına üzv seçilmişdir (1917). Həmin ilin martında Borçalı qəzasına müvəkkil təyin olunmuşdur (1918). 1933-cü il dekabrın 11-də Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.

Əsərləri: “Ac həriflər” (1927), “Şəbih” (1937), “Dağılan tifaq” (1937), “Şeyx Şaban” (1958), “Bəxtsiz cavan” (1959), “Marallarım” (1960), “Mozalanbəyin səyahətnaməsi” (1961), “Diş ağrısı” (1965), “Seçilmiş əsərləri” (iki cilddə) (1971), “Ovçu Qasım” (1973), “Hekayələr” (1974), “Mirzə Səfər” (1977), “Qoca tarzən” (1980), “Xortdanın cəhənnəm məktubları” (1981), “Seçilmiş əsərləri” (1982) və s. Filmoqrafiya: Marallarım (film, 1963), Evlənmək istəyirəm (film, 1983), Ac həriflər (film, 1993) (tammetrajlı film-tamaşa) – əsərin müəllifi. Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat kitabı.S .205.

Gundelik.az