İyul 8, 2026
Baku
Mədəniyyət və cəmiyyət Tarixdə bu gün Xəbərlər

13 Fevral – Xalq artisti Əliabbas Qədirovun anadan olmasının 80 illiyi, (1946-2006)

Yaradıcılıq imkanları romantik və realist aktyor məktəblərinin estetik göstəricilərinə, psixoloji mahiyyətinə, fəlsəfı dərinliyinə uyğundur. Oynadığı rollar janr xüsusiyyətlərinə görə fərqli, əlvan və bədii cəhətdən bitkin təsir bağışlayırdı. Onun aktyor təbiətində ilk baxışda “gizli” görünən, ancaq duzlu və cazibəli yumor idi. O, bu yumordan həssaslıqla, yığcam “xəsisliklə”, lakin bədii məziyyətləri cazibəli, könüloxşayan, müəyyən estetik meyar çərçivəsində peşəkar görünən bacarıqla istifadə edərdi.

Əliabbas Qədirov Azərbaycanın məşhur qiraət ustalarından biridir, onun ifasında Füzuli, Vaqif, Nəsimi, Sabir… kimi dahilərin poetik nümunələri lentə alınıb. Əliabbas Gülabbas oğlu Qədirov 13 fevral 1946-cı ildə Bakıda anadan olub. Səhnə sənətinə səkkizinci sinifdən başlayaraq maraq göstərib. Məşhur aktyor 26 dekabr 2001-ci ildə teatrın bədii rəhbəri və direktoru təyin edilib. Onun oynadığı tamaşaların bir qismi televiziyanın “Qızıl fond”una daxildir. Onlardan Süleyman Sani Axundovun, “Laçın yuvası” (Cahangir), Məmməd Muradan “Təkan” (Dilqəm), İlyas Əfəndiyevin “Atayevlər ailəsində” (Cahangir), Mirzə Fətəli Axundzadənin “Hacı Qara” (Heydər bəy), Əbdürrəhim bəy Haqverdiyevin “Bəxtsiz cavan” (Fərhad), Mar Bayciyevin “Duel”
(İsgəndər), Dazortsevin “Qəbula gələn sonuncu adam” (Kişi) əsərlərinin teletamaşasında Əliabbas Qədirovun yaradıcılığı daha parlaq şəkildə təcəssüm tapıb.Əliabbas Qədirov teatrla yanaşı, kino aktyoru kimi də məşhurdur və böyük uğurlar qazanıb. Hətta o, məhz kinorejissor Eldar Quliyevin çəkdiyi “Sevinc buxtası” iki seriyalı bədii fılmindəki Nazim roluna görə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb. Səhnə və ekran ustası Əliabbas Qədirov teatr və kino yaradıcılığındakı uğurlarına görə 1978 – ci ildə Azərbaycan SSR Dövlət mükafatına layiq görülmüşdür. 1 dekabr 1982-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti və 17 may 1989-cu ildə isə xalq artisti fəxri adları ilə təltif olunub. 2006-ci ildə mart 8-də xalq artisti, «Şöhrət» ordeni laureatı olub Aktyor bundan əlavə “Azərbaycanfilm”də “Xatirələr sahilində” (İmran), “Nəğmə dərsi” (Ata), “Nə yaxşı ki, Səməd Vurğun var” (Vaqif), “Bizim evin kişisi” (Mansur), “Qızıl uçurum” (Cəlil), “Qocalar” (Fəriz), “Babək” (Fəzl), “Dənizdən işarə” (Sultanov), “Sevinc buxtası” (Nazim) kimi kinolentlərinə çəkilib. Azərbaycan Dövlət Akademik Dram teatrının bədii rəhbəri Əlabbas Qədirov 60 yaşında leykemiya xəstəliyindən (ağ qan xərçəngi) vəfat edib. İkinci Fəxri Xiyabanda dəfn edilib.
Filmoqrafiya: Nə yaxşı ki, dünyada Səməd Vurğun var (film, 1976), Od içində (film, 1978),Babək (film, 1979), Onun bəlalı sevgisi (film, 1980),Əzablı yollar (film, 1982), Şuşa (film, 2001),Güllələnmiş heykəllər (film, 2002), Heydər Əliyev və Azərbaycan rabitəsi (film, 2003), Haray (film, 2004), Küçələrə su səpmişəm (film, 2004) və s.

Gundelik.az