Gundelik.az Xəbərlər ⁠Ailə, qadın və uşaq Aləmdə səsi olan Əzizə Cəfərzadə
⁠Ailə, qadın və uşaq Elm və təhsil Ədəbiyyat

Aləmdə səsi olan Əzizə Cəfərzadə

Dilimizdə bir-birindən şirin, bir-birindən poetik və yığcam söz birləşmələri səslənir: Sərin su, şirin söz, mehriban insan, xeyirxah adam, əziz dost, qayğıkeş qohum… Bu qəbildən olan söz birləşmələrinin məna tutumu və hikməti, ana nəfəsi, ana səsi, ana əllərinin təması, ana sözünün, ana nəvazişinin içərisində əriyib itir. Görünür buna görədir ki, ana qədər şeirdə, sənətdə təsvir və tərənnüm olunan ikinci bir varlıq yoxdur. Şairdir ana, sözü-söhbəti ilə. Nəğməkardır ana, dürlü- dürlü nəğmələri ilə. Belə qadınlardan biri də Əzizə Çəfərzadə idi. Mənsub olduğu xalqın ədəbi, tarixi-mədəni irsinin öyrənilməsi sahəsində böyük xidmətlər göstərən şəxsiyyətlər həmişə minnətdarlıqla xatırlanır. Xalq yazıçısı, içtimai xadim, ədəbiyyatşünas alim, professor Əzizə Cəfərzadə ömrünü Azərbaycan ədəbiyyatına, folkloruna dilçiliyinə, etnoqrafiyasına həsr edib. Qələmə aldığı tarixi romanlarla böyük nasir Məmməd Səid Ordubadi ənənələrinin davamçısı kimi tanınıb. XX əsr Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan görkəmli yazıçı Əzizə Cəfərzadənin ötən aylarda 95 illik yubileyi qeyd olundu.

HƏYAT VƏ YARADICILIĞI

    Əzizə Cəfərzadə 29 dekabr 1921-ci ildə Bakıda anadan olub. 38 saylı məktəbdə ibtidai təhsilini aldıqdan sonra Sabir adına Pedaqoji Texnikumda və Bakı Teatr məktəbində oxuyub. Əlaçı oxuduğu üçün Azərbaycanda ilk dəfə təsis edilən M.F.Axundov mükafatına birinci o layiq görülüb. 1942-44-cü illərdə Ağsu rayonundakı Çaparlı kəndində müəllim işləyib. 1946-47-ci illərdə ekstern yolu ilə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1944-46- cı illərdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında ssenari şöbəsinin rəisi, 1947- 49-cu illərdə teatr texniki məktəbinin müdiri, 1950-55-ci illərdə pedaqoji institutda dosent, kafedra müdiri, 1956-cı ildə Kamçatka pedaqoji institutunda dosent, 1957-74-cü illərdə Azərbaycan Elmlər Akademiyasının əlyazmalar İnstitutunda baş elmi işçi, şöbə müdiri işləyib. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin professoru olub. XIX əsr Azərbaycan ədəbiyyatı tarixinin bilicisi kimi tanınan Əzizə Cəfərzadə 1950-ci ildə “XIX əsr Azərbaycan ədəbiyyatında maarifçi-ziyalı surətləri” mövzusunda namizədlik, 1970-ci ildə “XIX əsr Azərbaycan poeziyasında xalq şeiri üslubu” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 1937-ci ilin vurhavur vaxtlarında ilk dəfə 16 yaşlı Əzizənin “Əzrayıl” adlı hekayəsi “Ədəbiyyat” qəzetində çap edilsə də, 11 il sonra onun çap edilən ilk kitabı Moskvanın xüsusi qərarı ilə satışa çıxmadan yığışdırılaraq yandırılıb. Sovet senzurası gənc yazıçını salon lirikasını tərənnümdə, yəni “Axmatovşina”da ifşa edərək kitabı yığışdırır. Bu qərar Əzizəyə pis təsir etsə də, onun bir yazıçı kimi tarixi əsərlər yazmasına mane olmayıb. Müasir Azərbaycan nəsr tarixində tarixi roman janrı onun qələmi ilə yenidən canlanıb. Yazıçı 1963-cü ildə “Natavan haqqında hekayələr”i yazıb. Bu hekayələrdə o, Xurşudbanu Natəvanın həyatını dolğun ifadələrlə qələmə alıb. Müəllifin ilk tarixi romanı XIX əsrdə Şamaxıda yaşayıb-yaradan məşhur şair Seyid Əzim Şirvaninin ədəbi həyatından bəhs edib. “Aləmdə səsim var mənim” adlı həmin roman 1973-78-ci illərdə yazılıb. Paralel olaraq yazdığı “Vətənə qayıt” tarixi romanı isə 1977-ci ildə çap edilib. XVIII əsrdə rus qoşunlarının Azərbaycana ilk gəlişi fonunda şair Nişat Şirvaninin həyatı və Şirvanın Səlyan bölgəsində baş verən hadisələr romanda müfəssəl təsvir olunub. Artıq bu illərdə hamı–ədəbi
ictimaiyyət də, sıravi oxucular da yazıçıdan yenə tarixi əsərlər gözləyirdi. 1980-ci ildə XIX əsrin sonu XX əsrin əvvəllərində yaşayan romantik şair Abbas Səhhətin həyat və yaradıcılığından bəhs edən “Yad et məni” romanını, cəmi bir il sonra Şah İsmayıl Xətai və onun Bakıya yürüşü
tarixini özündə əks etdirən “Bakı-1501” tarixi romanını yazıb. “Cəlaliyyə” (1983) romanında isə XII əsr Naxçıvanın qadın hökmdarı Cəlaliyyənin Vətənin müdafiəsi uğrunda apardığı mübarizənin tarixini dəqiqliklə göstərib. Əzizə Cəfərzadənin qadın həmkarlarından ən böyük fərqi onun tutduğu yolu dönmədən, kişi kimi mətinliklə davam etdirməsindədir. Onun əsərləri də bir sıra xarici dillərə, o cümlədən rus, fars, tacik, ərəb, qazax və sair tərcümə edilib xaricdə nəşr edilmişdir. Fasiləsiz olaraq televiziya və radioda müxtəlif mövzularda çıxışlar etmiş, televiziyada” Klassik irsimizdən”, “Aşıq Pəri” və sair çoxsayı proqramların müəllifi və aparıcısı olmuşdur. Bu verilişlər vasitəsi ilə xalqa Azərbaycan klassik və müasir ədəbi irsini təbliğ etmişdir. Bununla yanaşı o radioda Cənubi Azərbaycan üçün verilən proqramların və “Ana” radio jurnalının uzun illər daimi iştirakçısı olmuşdur.
1981-1989-cu illərdə Respublika Qadınlar Şurasının sədri vəzifəsində işləmişdir. Azərbaycan qadın və uşaqlarının hüquqlarının qorunması sahəsində aktiv fəaliyyət göstərmiş, respublikanın ən ucqar rayon-kəndlərinə belə dəfələrlə getmiş və millətin tarixi, taleyi ilə bağlı problemlərlə tanış olmuş, bu problemlərin həll edilməsində yaxından iştirak etmişdir. Azərbaycanın müstəqilliyi uğrunda və erməni təcavüzünə qarşı hərəkatda daim öndə və fəal iştirak edən bir vətəndaş olmuşdur. Əzizə Cəfərzadənin Azərbaycan elmi və ədəbiyyatı qarşısında göstərdiyi xidmətlər yüksək qiymətləndirilmişdir. O, dönə-dönə müxtəlif fəxri fərmanlar, “Xalqlar dostluğu” ordeni və müstəqil Azərbaycanın ali mükafatı–“Şöhrət” ordeni ilə təltif edilmişdir. Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdçüsü idi. Azərtelefilm birliyi onun həyat və yaradıcılığı haqqında 2 telefilm çəkmişdir. Əzizə xanımın ən böyük mükafatı isə xalqın ona qarşı olan böyük məhəbbəti idi. Bu sevginin məntiqi nəticəsi kimi, o 2001-ci ildə “Azərbaycan Anası” və “Xalq Yazıçısı” kimi yüksək adlara layiq görülmüşdür. Yazıçı mənsub olduğu xalqın tarixini bədii ədəbiyyata gətirməklə onun təbliğinə çalışırdı. İstər tarixi, istərsə də ədəbi prosesləri gözəl bilən və daima axtarışda olan ədəbiyyatşünas alim Azərbaycan ədəbiyyatında öz qələmi ilə silinməz iz qoyub. “Sabir” (1989) romanı XIX əsrin sonu XX əsrin əvvəllərində yaşayıb-yaradan məşhur satirik şair Mirzə Ələkbər Sabirə, “Eldən elə” (1992) XIX əsrdə 37 il dünya səyahətində olan coğrafiyaşünas Zeynalabdin Şirvaniyə həsr edilib. “Bir səsin faciəsi” (1995), “Gülüstan”dan öncə” (1996), “Zərrintac-Tahirə” (1996), “İşığa doğru” (1998), “Bəla” (2001), “Rübabə sultanım” (2001) tarixi romanları Əzizə Cəfərzadənin fasiləsiz axtarışlarının məhsuludur. Əzizə xanımın nəsr əsərləri əsasən tarixi roman janrında yazılmışdır. O, müasir Azərbaycan nəsr tarixində bu janrı yenidən həyata gətirmişdir. Əzizə Cəfərzadə bir tədqiqatçı alim kimi Azərbaycan elmi qarşısında təqdirəlayiq xidmətlər göstərmişdir. Onun klassik Azərbaycan ədəbiyyatının, xüsusilə də şifahi ədəbi irsimizin öyrənilməsi sahəsində gərgin elmi axtarışlarının bəhrəsi olan əsərlər həmişə elmi ictimaiyyətin marağına səbəb olmuşdur. Əzizə xanımın elmi tədqiqatları onun ədəbi yaradıcılığına da güclü təsir göstərmiş və yazıçının əsərlərini Azərbaycan dilinin saflığı və təmizliyi uğrunda mübarizənin bariz nümunəsinə çevirmişdir. Əzizə xanım ədəbi və elmi yaradıcılığı pedaqoji fəaliyyətlə uğurlu bir şəkildə əlaqələndirməyi bacarırdı. Elmi tədqiqatçı kimi bir sıra aşıq və şairlərin əsərlərini toplayib çap etdirmişdir ki, bunlara “Fatma xanım Kəminə” (1971), “Könül çırpıntıları” (1972), “Azərbaycanın aşıq və şair qadınları” (1974- 1991), “Azərbaycanın şair və aşıq qadınları” (II nəşr 2003), “Şirvanın üç şairi” (1971), “Mücrüm Kərim Vardani. Sünbülstan” (1978), “Abdulla Padarlı. Seçilmiş əsərləri” (1979), “Hər budaqdan bir yarpaq” (1983) daxildir. Onun bir çox toplayib çap etdirdiyi əsərlərin əsas hissəsini ana və qadın mövzusu təşkil edir ki, bunlar da Əzizə xanıma romanlarından az şöhrət gətirməmişdir. Bu itablar vasitəsi ilə o, ta qədim dövrlərdən Azərbaycanda yüksək poetik səviyyəli yazılı və şifahi qadın yaradıcılığının mövcud olduğunu və dünya ədəbiyyatında öndər olduğunu sübut etmişdir.
Bu əsərlərlə yanaşı onun yüzlərlə məqalə, oçerk, elmi tədqiqat və publisistik məqalələri dövrü mətbuatda çap edilmişdir. O, “Natavan” adli kino ssenari, çoxlu sayda radio-televiziya pyesləri xatirat və saysız hesabsız bayatı yazmışdır. Əzizə xanım folklorumuzun vurğunu idi, “Bayatı düşüncələrim”, “Xızır Nəbi”, “Novruz” və başqa Azərbaycan adət-ənənələri, etnoqrafiyası ilə bağlı yazıları, televiziya-radioda çıxışları onu xalqın sevimlisi etmişdir. Bir çox xarici ölkələrdə, o cümlədən Yuqoslaviya, Suriya, Kipr, Hindistan, Sinqapur, Malaziya, İsrail, İraq və Türkiyədə beynəlxalq əhəmiyyətli tədbirləri iştirakçısı olmuşdur. Bu ölkələrin kitabxanalarından tarixi əsərlər ilə bağlı məlumatlar toplamış və səyahət gündəlikləri yazmışdır. Bunlardan birində 1965-1966-cı illərdə həyat yoldaşının işi ilə bağlı Qanaya səfərinin gündəlikləri “Qızıl sahilə səyahət” (1968) xatiratını yazmasıdır. Əzizə xanım bir sıra xarici müəlliflərin o cümlədən S.Smirnovun “Brest qalası”, Ş.Rəşidovun “Güclü dalğa”, A. Lixanovun “Mənim generalım”, Ə.Kabaklənin “Əjdaha daşı”, S.Çokumun “Bizim diyar” və sair əsərləri ana dilimizə tərcümə etmiş, bir çox kitabın redaktoru olmuşdur. Fioloji elmlər doktoru professor Əzizə Cəfərzadə bir sıra kitabların müəllifidir. İlk kitabı 1963- cü ildə “Natəvan haqqında hekayələr” adı ilə çapdan çıxmışdır. Bundan sonra yazıçının “Sahibsiz ev”, “Əllərini mənə ver”, “Qızıl sahilə səyahət” və başqa hekayə və povestləri də kitab halında nəşr edilmişdir. Azərbaycan tarixindən bəhs edən romanlar ümumi “Şirvan” başlığı ilə məlum olan trilogiyanın birinci hissəsi “Vətənə qayıt” oxuculara təqdim olunmuşdur. Yazıçının əlimizdə olan kitablarından biri “Sahibsiz ev”dir. Hamı tərəfindən sevilən və birmənalı qarşılanan “Sahibsiz ev” kitabı hekayələr toplusudur. İnsanlara nümunə, örnək ola biləcək bu kitab ailə-məişət zəmnində yazılan bir kitabdır. Əzizə Cəfərzadənin daha bir kitabı “Vətənə qayıt” adlanır. “Aləmdə səsim var” romanı isətrilogiyanın ikinci hissəsidir. Roman XIX əsrin böyük şairi və maarifçisi Seyid Əzim Şirvanin  həyatından bəhs edir. Şairin maarifə, məktəb açmağa meyl göstərməsi Şirvanda baş verən əhvəlatlarla bağlı bir şəkildə qələmə alınmışdır. Romanda Seyid Əzim Şirvanin bir maarifçi kimi formalaşması o dövrün səciyyəvi hadisələri fonunda göstərilir. Əzizə Cəfərzadənin Azərbaycanın üç görkəmli sənətkarlarının həyatından bəhs edən trilogiya yazdığı oxuculara məlumdur. Trilogiyada “Vətənə qayıt” XVII əsrin sonu, XVIII əsrin əvvəllərində Nişat Şirvanin, “Aləmdə səsim var mənim” XIX əsrin görkəmli maarifçi şair Seyid Əzim Şirvanin və “Yad et məni” adlı üçüncü hissədə isə XX əsrin əvvəllərində yazıb-yaradan Abbas Səhhətin həyatı fonunda baş verən hadisələr qələmə alınmışdır. “Vətənə qayıt” romanı həmin trilogiyanın birinci hissəsidir. Kitaba yazıçının “Əllərini mənə ver…” povesti də, daxil edilmişdir. Bundan əlavə Əzizə Cəfərzadənin 1980-ci ildə işıq üzü görmüş daha bir kitabı “Yad et məni” adlanır. Səmimi dostluqdan, məişət problemlərindən, insana xas olan müsbət xüsusiyyətlərin ön plana çəkilməsi
bu kitabın ana xəttinə çevrilmişdir.

 Görkəmli yazıçının 1992-ci ildə nəşr olunan kitabı “Eldən-elə” adlanır. Romanda XVIII əsrin əvvəlində yaşamış, ədəbiyyatımıza “Riyozüs-səyahə”, “Büstanüs-səyahə” və bu kimi olduqca qiymətli əsərlər bəxş etmiş Hacı Zeynalabdın Şirvaninin həyatından bəhs olunur. Yazıçı bu əsəri ilə oxucunu azərbaycanlı səyyahın əsərləri və onun təxəyyülü əsasında həyatı ilə tanış edir. Əzizə Cəfərzadənin 1998-ci ildə oxucu görüşünə gələn kitablarından biri də “İşığa doğru” romanı yazıçı Əzizə Cəfərzadənin sayca otuz üçüncü kitabıdır. Bu əsər ədibin “Zərrintac-Tahirə” romanının bir növ davamıdır. Romanda XIX yüzilliyin ikinci yarısında Azərbaycanda İrandan nəşəm edən babilik, bəhauluk dini cərəyanının yayılması ilə əlaqədar olaraq fanatizm qurbanları, xüsusilə Nəsrəddin şah dövründə Cənubi Azərbaycanda binəsiblərin bir parça çörək ümidi ilə müxtəlif dini məzhəblərə qoşulmaları diqqət mərkəzinə çəkilir. Müəllif belə bir qənaətə gəlir ki, zülm, istibdad, dərəbəylik olan ölkələrdə binəsiblərin istismarı davam etdikcə mübarizə də davam edəcək, insan daim işığa doğru can atacaqdır. Əzizə Cəfərzadənin oxuculara təqdim olunan yeni kitablarına 1938-ci ildə Bakıda törədilən və
millətə qarşı çevrilmiş cinayətkar hadisələrdən bəhs edən “Xəzərin göz yaşları” romanı və “Xəyalım mənim” adlı povesti daxil edilmişdir. Kitab “Biz Cəfərzadələr” adlanır. Kitaba yazıçı, professor Əzizə Cəfərzadənin bir nəslin tarixi fonunda XIX-XX əsrlərdə Azərbaycan məkanında baş verən mühüm hadisələri əks etdirən “Rübabə Sultanım” romanı, filologiya elmlər doktoru Məmməd Cəfarzadənin “Biz Cəfərzadələr” bioqrafik yazısı və şeirləri, filologiya elmlər doktoru Əhməd Cəfərzadənin “Adsız qəhrəmanlar” povesti və “Eşitdiklərim, gördüklərimdən yadımda qalanlar” yazısı daxil edilmişdir. Bu kitab Əzizə xamım Cəfərzadənin 80 illiyinə oğlu Turanın hədiyyəsidir.

   Azərbaycan elmi qarşısında böyük xidmətlər göstərən Əzizə Cəfərzadə istər klassik Azərbaycanədəbiyyatının, istərsə də şifahi ədəbi irsimizin öyrənilməsi sahəsində durmadan işləyib. İş burasındadır ki, alim Əzizə Cəfərzadənin elmi axtarışları yazıçı Əzizə Cəfərzadəyə böyük təsir göstərib. Yazıçının bütün əsərlərində Azərbaycan dilinin saflığı özünü göstərir. O, vətəndaş olaraq dil uğrunda apardığı mübarizədə həmişə qalib olub. Onun digər üstünlüyü isə ədəbi və elmi yaradıcılığı pedaqoji fəaliyyətlə əlaqələndirə bilməsindədir. Elmi tədqiqatçı kimi bir sıra aşıq və şailərin əsərlərini toplayıb çap etdirib. “Fatma xanım Kəminə” (1971), “Könül çırpıntıları” (1972), “Azərbaycanın aşıq və şair qadınları” (1974, 1991), “Azərbaycanın şair və aşıq qadınları” (II nəşr 2003), “Şirvanın üç şairi” (1971), “Mürcüm Kərim Vardani.  Sünbülüstan” (1978), “Abdulla Padarlı. Seçilmiş əsərləri” (1979), “Hər budaqdan bir yarpaq” (1983) kitabları yazıçıya heç də bədii əsərlərindən az şöhrət gətirməyib. Onun həyatına nəzər saldıqda məəttəl qalmaya bilmirsən. Elə bil ki, Əzizə Cəfərzadə günün 24 saatını yazıb. Halbuki pedaqoji fəaliyyət, elmi axtarışlar, səfərlər, tərcümələr və ictimai fəaliyyəti heç vaxt kölgədə qoymayıb. Bütün işlər bir-birinə paralel şəkildə, vaxtlı-vaxtında çatdırılıb. Bir sözlə, yazıçı zamanı özünə uyğunlaşdıra bilib. Həm də Əzizə Cəfərzadə təkcə tarixi romanlar yazmayıb. Yazıçının “Sahibsiz ev” (1966), “Əllərini mənə ver” (1970), “Sənsən ümidim” (1984), “Xəyalım mənim” (2002) əsərləri geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanıb. Uşaqları yaddançıxarmayan Əzizə Cəfərzadə “Qızımın hekayələri” (1964), “Anamın nağılları” (1982), “Çiçəklərim” (1988), “Pişik dili” (2001) kimi hekayələr və nağıllar yazıb. Ana və qadın mövzusuonun əsərlərində həmişə qabardırılıb. Bununla da o, mənsub olduğu xalqın zərif cinsininnümayəndələrinin müsbət keyfiyyətlərini, hiss-həyəcanlarını, mübarizliyini dünya oxucularınaçatdırırdı. Yazıçı həm də bədii ədəbiyyatla kifayətlənməyib, yüzlərlə məqalə, oçerk, elmi-publisistik məqalələr yazaraq yerli və xarici mətbuatda çıxışlar edib. Folklorumuzun vurğunu olan Əzizə xanım “Bayatı düşüncələrim”, “Xızır Nəbi”, “Novruz” və başqa etnoqrafik yazıları
ilə Azərbaycan xalqının milli adət-ənənələrini özündə əks etdirən böyük yazılarla daima mətbuatda çıxış edib. Türkiyə, İran, İsrail, Malayziya, Sinqapur, Hindistan, Kipr, Suriya və keçmiş Yuqoslaviya respublikalarında iştirak etdiyi beynəlxalq tədbirlərdə Azərbaycan və onun tarixi haqqında danışıb. Əzizə Cəfərzadə olduğu bütün ölkələrin kitabxanalarında yazdığı tarixi əsərləri ilə bağlı faktlar toplayaraq, romanlarında istifadə edib. Onun səyahət gündəlikləri oxucu üçün olduqca maraqlıdır. Olduğu bütün ölkələri əsərləri, yazıları ilə ədəbiyyatımıza gətirməkdən yorulmayıb. Öz şəxsi həyatı bu xanımın özü üçün heç vaxt maraqlı olmayıb. Çox nadir halda qadınlar bu yolu tutur. Həm də parlaq biznes fəaliyyəti və ya hansısa siyasi baxışlar üçün deyil, sırf ədəbi yaradıcılığı üçün bu addımı atanlara az rast gəlinir. Əzizə xanımın alnına bir də “qara qitə”də yaşamaq yazılıb. 1965-1966-cı illərdə pilot olan həyat yoldaşının işi ilə bağlı Qanaya (Afrikaya) gedib. Həmin illərdə Qanada yaşayan yazıçı xanım yaradıcılığından orada da əl çəkməyib. Onun səfər gündəlikləri 1968-ci ildə çap olunan “Qızıl sahilə səyahət” xatirət kitabında toplanıb. Kitabda yazıçı afrikalı insanların həyat tərzini, fəaliyyətlərini, kənardan görünə bilən və bilinməyən tərəflərini məharətlə təsvir edib. Bütün ömrünü Azərbaycan ədəbiyyatının tarixinə və onun araşdırılıb, geniş ictimaiyyətə çatdırılmasına həsr edən Əzizə Cəfərzadə 2003-cü ildə çevrilib geriyə – özünün gənclik illərində baş verən hadisələrə baxıb. “Xəzərin göz yaşları” adlı povestində yazıçı 1938-ci ildə Azərbaycanda yaşayan Cənubi azərbaycanlıların Stalin rejimi tərəfindən 3-4 gün ərzində İrana məcburi deportasiyasını olduğu kimi qələmə alıb. Əzizə Cəfərzadə şərqin dühası Məhəmməd Füzulini gözəl bilirdi. Onun son əsəri də elə bütün ömrü boyu axtarışında olduğu Füzuli həyatından bəhs edir. Ölümündən bir az əvvəl bitirdiyi “Eşq sultanı” romanı böyük Azərbaycan şairi Məhəmməd Füzulinin həyatı haqqındadır. Əzizə Cəfərzadə 1981-89-cu illərdə Respublika Qadınlar Şurasının sədri vəzifəsində işləyib. Tutduğu sosial statusdan asılı olmayaraq, qadın və uşaqların hüquqlarının qorunması sahəsində aktiv fəaliyyət göstərib. Özünü Azərbaycana həsr edən yazıçı xanım dəfələrlə respublikanın ən ucqar rayon və kəndlərinə gedərək, millətin tarixi, insanların taleyi ilə tanış olub və rastlaşdığı problemlərin həllində yaxından iştirak edib. O, həm də xeyriyyəçi kimi sıravi vətəndaşların sevgisini qazanıb. 1979-cu ildə kitablarından qazandığı qonorar hesabına Hacıqabul rayonunun Tağılı kəndində orta məktəb və klub binası tikdirib. Azərbaycanın tarixi orpaqları olan Dağlıq Qarabağda erməni separatizmi baş qaldıranda ilk səsini ucaldan ziyalılar arasında Əzizə Cəfərzadə də vardı. Yazıçı dəfələrlə ön cəbhəyə gedərək, əsgərlərlə görüşüb, onlara ana nəvazişi göstərib. Xalqına bağlı olan xanım yazıçı xalqından ən böyük adı–“Azərbaycan Anası” adını ömrünün 80-ci ilində alıb. Onun həyatı digər həmkarlarından fərqlənib. O, qadınlardan daha çox kişi kimi mübarizə aparıb. Həmişə mənsub olduğu xalqın içində olub. Öz dediyinə görə, həyatda yalnız bir dəfə xoşbəxtliyin nə olduğunu dadıb. “Xalqlar həbsxana”sının dağılmasından sonra Kirovun Bakının Dağüstü Parkındakı “Çalağana” bənzəyən heykəlinin uçurulduğu gün Əzizə Cəfərzadənin həyatında ən xoşbəxt olduğu gündür! Bunu o özü dəfələrlə, bezmədən deyib. Onun haqqında keçmiş zamanda danışmaq ağır olsa da, təəssüf ki, əbədi ayrılığın bir qüssəsi həmişə bizimlədir. Azərbaycanın xalq yazıçısı, Azərbaycan xalqının yazıçısı Əzizə Cəfərzadə 4 sentyabr 2003-cü ildə, ömrünün 82-ci ilində uzun sürən xəstəlikdən vəfat edib. Millətinə düşkünlüyü ilə şəxsi həyatını arxa plana keçirən yazıçı öz vəsiyyətinə əsasən, Hacıqabul rayonunun Tağılı kəndində valideynləri, həyat yoldaşı və qardaşları ilə bir məzarlıqda dəfn edilib. Bu isə onun xalqına ən böyük arzusudur: “Gələcək nəslimiz üçün sakit, dinc, müstəqil bir Vətən istəyirəm, xoşbəxt bir istiqbal
arzulayıram!”

Aynur Turan

Gendelik.az

#ƏzizəCəfərzadə   #Azərbaycanədəbiyyatı  #roman  #Qadınlarşurası

Exit mobile version