İnsanların əsrlərdir axtardığı uzunömürlülüyün sirri ilə bağlı diqqətçəkən elmi araşdırma dərc olunub. Alimlər 55 ili əhatə edən 124 elmi tədqiqatın nəticələrini təhlil edərək 100 yaşı keçən insanların ortaq xüsusiyyətlərini müəyyənləşdiriblər. Nəticələr göstərir ki, uzun ömür tək bir “möcüzəvi” gen və ya vərdişlə deyil, bir sıra amillərin birgə təsiri ilə formalaşır.
Misirdəki Amerika Universitetinin farmakoloqu Şeyma İbrahimin rəhbərlik etdiyi tədqiqat qrupu son 55 il ərzində 100 yaşdan yuxarı şəxslərlə bağlı aparılmış elmi araşdırmaları nəzərdən keçirib. Təhlildə 100 yaşını keçənlərlə yanaşı, 105–109 yaş arasında olan və 110 yaşdan yuxarı insanlar da araşdırılıb.
Discover Public Health jurnalında dərc olunan araşdırmaya görə, uzunömürlülük genetik xüsusiyyətlər, hüceyrələrin bərpa mexanizmləri, qidalanma, fiziki aktivlik, güclü sosial əlaqələr və ətraf mühit amillərinin birlikdə təsiri nəticəsində formalaşır.
Tək bir “uzunömürlülük geni” yoxdur
Tədqiqatçılar bildirirlər ki, uzun ömür tək bir genlə əlaqəli deyil. DNT-nin daha effektiv bərpası, mitoxondrilərin sağlam fəaliyyəti, iltihabi proseslərin daha yaxşı tənzimlənməsi və maddələr mübadiləsindəki bəzi fərqlər yaşlanma ilə bağlı xəstəliklərdən qorunmağa kömək edir.
Alimlərin fikrincə, uzunömürlülük çoxsaylı genetik dəyişikliklərin yaratdığı mürəkkəb mexanizmin nəticəsidir.
Həyat tərzi də mühüm rol oynayır
Araşdırma göstərib ki, 100 yaşı aşan insanların həyat tərzində bir sıra ortaq xüsusiyyətlər var. Onlar əsasən bitki mənşəli qidalarla qidalanır, gündəlik həyatlarında fəal olurlar, siqaret çəkmirlər və güclü sosial münasibətlərə malikdirlər.
Mütəmadi gəzinti etmək, bağçılıqla məşğul olmaq və gündəlik işləri aktiv şəkildə yerinə yetirmək də uzunömürlü insanların ümumi vərdişləri sırasındadır. Bundan əlavə, psixoloji dözümlülük və aşağı narahatlıq səviyyəsinin də uzun ömürlə əlaqəli ola biləcəyi qeyd olunur.
Xəstəliklərlə daha gec qarşılaşırlar
Alimlər müəyyən ediblər ki, 100 yaşı keçən insanlar xəstəliklərdən tamamilə sığortalanmayıblar. Lakin onlar yaşla əlaqəli xəstəliklərlə əksər insanlardan daha gec qarşılaşırlar.
Tədqiqatçılar uzunömürlü insanları üç qrupa ayırıblar:
Yaşa bağlı xəstəliklərdən uzun müddət uzaq qalanlar;
Bu xəstəliklərlə orta yaşdan daha gec qarşılaşanlar;
Erkən yaşlarda xəstəlik keçirməsinə baxmayaraq, uzun illər yaşamını davam etdirənlər.
Araşdırmada vurğulanır ki, uzunömürlülüklə bağlı dəqiq səbəb-nəticə əlaqəsini müəyyən etmək hələ də çətindir. Alimlər daha etibarlı nəticələr əldə etmək üçün uzunmüddətli və genişmiqyaslı elmi tədqiqatların aparılmasının vacib olduğunu bildirirlər.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

