Gundelik.az Dünya Zelenski BBC-yə: “Putin artıq III Dünya Müharibəsini başlayıb və dayandırılmalıdır”
Dünya Xəbərlər

Zelenski BBC-yə: “Putin artıq III Dünya Müharibəsini başlayıb və dayandırılmalıdır”

Ukrayna Prezidenti Volodimir Zelenski möhkəm müqavimət mesajı verməkdə davam edir.

Bu həftəsonu Kiyevdə hökumət binasında görüşdüyümüz zaman o dedi ki, Ukrayna uduzmaqdan uzaqdır və müharibəni qalibiyyətlə bitirəcək. O, Prezident Vladimir Putinin tələb etdiyi atəşkəs razılaşmasının qiymətini ödəməyə qəti şəkildə qarşı çıxdı. Bu qiymət isə Rusiyanın on minlərlə əsgərini itirməsinə baxmayaraq ələ keçirə bilmədiyi strateji ərazilərdən geri çəkilməkdir.

Zelenski dedi ki, Putin artıq Üçüncü Dünya Müharibəsini başlayıb və onu geri çəkilməyə məcbur etməyin yeganə yolu güclü hərbi və iqtisadi təzyiqdir.

“Mən inanıram ki, Putin artıq bunu başlayıb. Sual budur ki, o nə qədər ərazi ələ keçirə biləcək və onu necə dayandırmaq olar… Rusiya dünyaya fərqli bir həyat tərzi zorla qəbul etdirmək və insanların özləri seçdiyi həyatı dəyişmək istəyir.”

Rusiyanın Ukraynanın Donetsk bölgəsinin 20%-ni, eləcə də Xerson və Zaporojye bölgələrində əlavə əraziləri təhvil vermək tələbini atəşkəs üçün “məntiqli qiymət” olub-olmadığını soruşduqda Zelenski belə cavab verdi:

“Mən bunu sadəcə torpaq kimi görmürəm. Mən bunu tərk etmə kimi görürəm – mövqelərimizi zəiflətmək, orada yaşayan yüz minlərlə insanı tərk etmək. Mən belə görürəm. Və əminəm ki, bu ‘geri çəkilmə’ cəmiyyətimizi parçalayacaq.”

Atəşkəs Putini razı sala bilərmi?

“O, yəqin ki, bir müddət razı olar… ona fasilə lazımdır… amma sonra toparlanacaq. Avropalı tərəfdaşlarımız deyir ki, bu 3–5 il çəkə bilər. Məncə, bir neçə ilə toparlana bilər. Sonra hara gedəcək? Bilmirik, amma müharibəni davam etdirmək istəyəcəyi faktdır.”

Zelenski Kiyevdə ağır mühafizə olunan hökumət kompleksində danışıb və müsahibə əsasən ukrayna dilində aparılıb. Onun üzərindəki liderlik yükünü təhlükəsizlik tədbirlərinin sərtliyindən də hiss etmək mümkündür.

Müharibə şəraitində prezidentin təhlükə altında olması təəccüblü deyil.

Keçmişdə əyləncə sahəsində çalışan və rəqs müsabiqəsində qalib gələn Zelenski real həyatda prezident olduqdan sonra da güclü və dözümlü görünür.

ABŞ Prezidenti Donald Tramp Cenevrədəki son atəşkəs danışıqları ərəfəsində demişdi:

“Ukrayna tez masa arxasına gəlməlidir.”

Tramp daha çox təzyiqi Rusiyaya yox, Ukraynaya göstərməyə meyllidir. Qərb diplomatları bildirir ki, Tramp Ukraynanın ərazi güzəştlərini atəşkəs üçün əsas şərt hesab edir.

Bəzi analitiklər də düşünür ki, Ukrayna güzəşt etməsə müharibəni uduza bilər.

Zelenski bu fikirlə razılaşmır:

“Siz indi haradasınız? Bu gün siz Kiyevdəsiniz, vətənimizin paytaxtındasınız, Ukraynadasınız. Uduzacağıqmı? Əlbəttə ki, yox. Çünki biz Ukraynanın müstəqilliyi üçün döyüşürük.”

Onun fikrincə, qələbə normal həyatın bərpası və insanların öldürülməsinin dayanmasıdır. Amma daha geniş mənada:

“Putini bu gün dayandırmaq bütün dünya üçün qələbədir. Çünki Putin Ukrayna ilə dayanmayacaq.”

Bütün torpaqları geri almaq mümkündürmü?

“Biz bunu edəcəyik. Bu, sadəcə zaman məsələsidir. Amma bunu bu gün etmək milyonlarla insanın həyatına başa gələ bilər. Torpaq insan olmadan nədir ki? Heç nə.”

O həm də deyir ki, silah çatışmazlığı tərəfdaşlardan asılıdır, amma 1991-ci il sərhədlərinə qayıdış ədalət və qlobal qələbədir.

Seçkilər və təhlükəsizlik zəmanətləri

Zelenski ABŞ-dan uzunmüddətli təhlükəsizlik zəmanətləri istəyir və deyir ki, prezidentlər dəyişir, amma institutlar qalır.

Seçkilərlə bağlı isə:

“Müharibəni bitirmək üçün şərtdirsə, seçkilər keçirək. Amma onlar ukraynalıların və beynəlxalq ictimaiyyətin tanıyacağı şəkildə keçirilməlidir.”

Mənbə: BBC

Hazırladı :Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version