Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-ın Rusiyaya qarşı tətbiq edilən sanksiyalara baxmayaraq, onun neft satmasına icazə verən müddəti uzatmaq qərarını sərt tənqid edib. Bu qərara əsasən, artıq dənizdə tankerlərə yüklənmiş Rusiya nefti və neft məhsulları 16 may tarixinədək alınıb-satıla bilər.
ABŞ bildirir ki, bu güzəşt ABŞ-İsrail ilə İran arasında müharibənin yaratdığı enerji çatışmazlığını azaltmaq məqsədi daşıyır.
Lakin Zelenski bazar günü çıxışında deyib:
“Rusiya neftinə ödənilən hər dollar Ukraynaya qarşı müharibəyə gedən puldur.”
Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar 2022-ci ilin fevralında prezident Vladimir Putinin Ukraynaya tammiqyaslı hücuma başlamasından sonra tətbiq olunub.
ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi ağır hücumlar isə regionda gərginliyi daha da artırıb. İran buna cavab olaraq təkcə İsrailə və ABŞ hərbi bazalarına deyil, həm də regiondakı ABŞ müttəfiqi olan ərəb ölkələrində enerji obyektləri və mülki hədəflərə zərbələr endirib.
Bundan əlavə, İran faktiki olaraq dünya neftinin və mayeləşdirilmiş təbii qazın (LNG) təxminən 20%-nin daşındığı Hörmüz boğazını bağlayıb.
Bu vəziyyət enerji bazarlarında ciddi qarışıqlığa səbəb olub və boğaz tezliklə açılmazsa, qlobal iqtisadi böhran ehtimalı artır.
ABŞ-ın 13 martda Rusiyaya sanksiyaları yumşaltması Zelenski və onun Avropadakı müttəfiqləri tərəfindən də kəskin tənqid olunmuşdu.
Cümə günü bu qərarı uzadan ABŞ bildirib ki, məqsəd “müharibənin dayandırılması ilə bağlı danışıqlar sürətləndiyi bir vaxtda ehtiyacı olanlara neftin çatmasını təmin etməkdir.”
Zelenski qeyd edib ki, Rusiyanın “kölgə donanması” adlanan, sahibliyi gizlədilən 110-dan çox tankeri var və onlar sanksiyalardan yayınmağa kömək edir. Bu tankerlərdə “12 milyon tondan çox” neft olduğu bildirilir.
Onun sözlərinə görə, bu neftin satışı Rusiyaya təxminən 10 milyard dollar qazandıracaq və bu vəsait “birbaşa Ukraynaya qarşı yeni hücumlara çevriləcək.”
Zelenski bu rəqəmlərin mənbəyini açıqlamasa da əlavə edib ki, təkcə son bir həftə ərzində Rusiya Ukrayna şəhərlərinə və yaşayış məntəqələrinə 2360-dan çox hücum dronu, 1320-dən çox idarəolunan bomba və 60-a yaxın müxtəlif tipli raket atıb.
Bunlara 15 aprel tarixində baş verən və son ayların ən ölümcül hücumu sayılan hadisə də daxildir. Həmin gecə dalğalar şəklində 700-dən çox dron və raket istifadə olunub, nəticədə azı 18 nəfər həlak olub.
Ukrayna da cavab olaraq Rusiyaya hücumlar həyata keçirib, əsasən enerji obyektlərini hədəf alıb.
Bununla belə, müharibədə hazırda dalan vəziyyəti yaranıb və Rusiya Ukrayna ərazisinin təxminən 20%-nə nəzarət edir.
ABŞ-ın vasitəçiliyi ilə müharibəni dayandırmaq cəhdləri isə İranla bağlı müharibə səbəbindən dayandırılıb.
Mənbə: BBC
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az

