ABŞ prezidenti Donald Trampın ikinci prezidentlik dövrü ərzində, treyderlərin onun mühüm açıqlamalarından dərhal əvvəl milyonlarla dollar dəyərində əməliyyatlar etdiyi müşahidə olunub. BBC bir neçə maliyyə bazarında ticarət həcmi məlumatlarını araşdıraraq bunları prezidentin bazara təsir edən əsas bəyanatları ilə müqayisə edib.
Araşdırma göstərib ki, sosial mediada paylaşım və ya mediaya müsahibə açıqlanmadan cəmi saatlar, bəzən isə dəqiqələr əvvəl ticarətdə kəskin artım baş verir.
Bəzi analitiklər bunun qanunsuz daxili məlumatla ticarətin əlamətləri olduğunu deyir. Bu halda insanlar ictimaiyyətə açıq olmayan məlumatlara əsaslanaraq qazanc əldə edirlər.
Digərləri isə vəziyyətin daha mürəkkəb olduğunu və bəzi treyderlərin prezidentin addımlarını əvvəlcədən proqnozlaşdırmaqda daha bacarıqlı olduqlarını bildirir.
Ən diqqətçəkən nümunələrdən biri – 9 mart 2026:
ABŞ-İsrail ilə İran arasında müharibənin doqquzuncu günündə Tramp CBS News-a telefon müsahibəsində münaqişənin “demək olar ki, tam bitdiyini” deyib. Bu müsahibə barədə ictimaiyyət ilk dəfə saat 19:16 GMT-də jurnalistin X (Twitter) platformasında paylaşımı ilə xəbər tutub.
Bu xəbərdən sonra neft bazarında treyderlər müharibənin tez bitə biləcəyini düşünərək nefti satmağa başlayıb və qiymətlər təxminən 25% düşüb.
Amma bazar məlumatları göstərir ki, neftin ucuzlaşacağına dair böyük məbləğdə əməliyyatlar saat 18:29 GMT-də – yəni paylaşımdan 47 dəqiqə əvvəl edilib.
Bu əməliyyatları edən treyderlər qiymət düşüşündən milyonlarla dollar qazanc əldə ediblər.
23 mart hadisəsi:
İrandakı elektrik stansiyalarını “məhv etməklə” hədələdikdən cəmi iki gün sonra Tramp Truth Social platformasında Vaşinqtonun Tehranla “çox yaxşı və məhsuldar danışıqlar” apardığını və münaqişənin “tam həlli” istiqamətində irəliləyiş olduğunu yazıb.
Bu açıqlama həm diplomatlar, həm də bazar iştirakçıları üçün gözlənilməz olub.
Mənbə: BBC
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az

