Elm adamları xəbərdarlıq edirlər ki, yuxu itkisi beyində təhlükəli toksinlərin toplanmasına və erkən demens riskinin artmasına səbəb ola bilər.
Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, beynin öz tullantılarını təmizləyən “qlimfatik” sistemi əsasən yuxu zamanı daha aktiv işləyir. Lakin yuxu pozulduqda bu sistemin fəaliyyəti zəifləyir və toksinlərin təmizlənməsi ləngiyir. Bu isə demans və Alzheimer xəstəliyi riskini yüksəldə bilər.
Qeyd olunur ki, bədəndə tullantılar limfa sistemi vasitəsilə təmizlənsə də, beyində belə damarlar yoxdur. Təxminən 12 il əvvəl kəşf edilən qlimfatik sistem onurğa beyni mayesindən istifadə edərək hüceyrələrarası tullantıları toplayır və damarlara daşıyır. Araşdırmalar göstərib ki, bu sistem xüsusilə yuxu zamanı aktivləşir və Alzheimer xəstəliyində rol oynayan beta-amiloid zülallarını təmizləyir. İnsanlarda aparılan tədqiqatlar isə bir gecəlik yuxusuzluqdan sonra bu zülalların səviyyəsinin artdığını ortaya qoyub.
Alimlər bildirirlər ki, keyfiyyətli yuxu beyin sağlamlığı üçün həyati əhəmiyyət daşıyır. Bununla belə, müalicə ilə toksinlərin təmizlənməsinin demans riskini azaldıb-azaltmadığı hələ tam müəyyənləşdirilməyib. Hazırda aparılan araşdırmalar yuxu-oyanma dövründə qanda beta-amiloid və tau zülallarının səviyyəsini izləməklə yanaşı, yuxu apnesi və yuxusuzluq müalicəsinin beyində təmizlənməyə təsirini araşdırır.
Mütəxəssislər yuxu pozğunluğu olan insanlara yuxu rejiminə nəzarət etməyi və həkimə müraciət etməyi tövsiyə edirlər.
Gundelik.az

