Zeynəb Zeren Uçar bildirib ki, son illər gənclər arasında yuxu rejiminin pozulması halları xeyli artıb. Onun sözlərinə görə, yuxu problemi yaşayan gənclər üçün səhər günəşi böyük əhəmiyyət daşıyır və təbii müalicə vasitəsi hesab olunur.
Mütəxəssis qeyd edib ki, nizamsız həyat tərzi insanların bioloji saatını pozur. Xüsusilə gənclər gec yatıb gec oyandıqları üçün sosial həyatla orqanizmin bioloji ritmi arasında uyğunsuzluq yaranır. Bu vəziyyət “sosial jetlaq” adlanır.
Onun sözlərinə görə, gənclər gecə saatlarına qədər oyaq qalır, günün böyük hissəsini isə yatmaqla keçirirlər. Nəticədə məktəb və iş həyatı pozulur, orqanizm və beyin kifayət qədər dincələ bilmir. Araşdırmalara əsasən, 16–22 yaşlı gənclərin təxminən 30–40 faizində bu problem müşahidə olunur.
Professor bildirib ki, sosial jetlaq yaşayan insanlar vaxtında yatağa girsələr belə, yuxuya gedə bilmirlər. Bu vəziyyət orqanizmdə yuxunu tənzimləyən melatonin hormonunun ifrazını da pozur və zaman keçdikcə problem daha da dərinləşir. Yuxusuz qalan gənclər gecələr telefon, planşet və televizordan daha çox istifadə etdikləri üçün mavi işığın təsiri altında qalırlar ki, bu da yuxu pozğunluğunu daha da artırır.
Mütəxəssisin sözlərinə görə, bu problem müalicə oluna bilər. Bunun üçün ən azı 4–6 həftə, bəzi hallarda isə 6 aya qədər davam edən yuxu rejiminin bərpası proqramı tətbiq edilir.
O, gənclərə hər gün eyni saatda yatıb oyanmağı, ən gec saat 23:00-da yatmağı və səhər saat 07:30–08:00 arasında oyanmağı tövsiyə edib. Əgər insan yatağa girdikdən sonra 15 dəqiqə ərzində yuxuya gedə bilmirsə, qalxaraq kitab oxumaq və ya sakitləşdirici musiqi dinləmək kimi rahatlaşdırıcı fəaliyyətlə məşğul olduqdan sonra yenidən yatağa qayıtmalıdır.
Bundan başqa, saat 21:00-dan sonra telefon, televizor və digər ekranlardan uzaq durmaq, evdə işıqlandırmanı azaltmaq və gündüz saatlarında açıq havada vaxt keçirmək məsləhət görülür.
Professor vurğulayıb ki, xüsusilə səhər saat 11:00-a qədər təxminən 30 dəqiqə günəş işığı qəbul etmək axşam saatlarında melatonin hormonunun vaxtında ifraz olunmasına kömək edir. Səhər günəşindən məhrum qaldıqda isə melatonin daha gec ifraz olunur və bu da yuxu rejiminin pozulmasına səbəb olur.
Yuxu pozğunluğu səbəbindən müalicə alan 20 yaşlı Batuhan Bulut isə bildirib ki, keçirdiyi yol-nəqliyyat hadisəsindən sonra yuxu rejimi tamamilə dəyişib. O, səhər saat 06:00-da yatdığını, günorta saat 16:00-da oyandığını və bu səbəbdən normal sosial həyatını itirdiyini, ən çox isə dostları ilə vaxt keçirməyi darıxdığını deyib.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
