Gundelik.az Mədəniyyət və cəmiyyət Yuxu iflici tez-tez təkrarlanırsa, laqeyd yanaşmaq olmaz
Mədəniyyət və cəmiyyət Xəbərlər

Yuxu iflici tez-tez təkrarlanırsa, laqeyd yanaşmaq olmaz

Xalq arasında “qarabasma” kimi tanınan yuxu iflici insanın yuxudan oyanarkən və ya yuxuya gedərkən qısa müddət ərzində hərəkət və danışmaq qabiliyyətini itirməsi ilə müşahidə olunur. Bu zaman insan şüurlu olur, ətrafında baş verənləri dərk edir, lakin bədənini hərəkət etdirə bilmir. Bəzən nəfəs almaqda çətinlik, sinədə təzyiq hissi və halüsinasiyalar da yaşanır.

Yuxu iflici daha çox uşaqlıq və yeniyetməlik dövründə başlayır, lakin böyüklərdə də ortaya çıxır. Tutmalar adətən bir neçə saniyə və ya dəqiqə ərzində öz-özünə keçir.

Səbəbləri nələrdir?

Yuxu rejiminin pozulması, kifayət qədər yatmamaq, xroniki yorğunluq, növbəli iş, güclü stress, həyat və ya mühitdə qəfil dəyişikliklər, bəzi dərmanlar, alkoqol və həddindən artıq kofein qəbulu yuxu iflicinin yaranmasını asanlaşdırır.

Yuxu iflici sağlam insanlarda da görülə bilər. Bəzi hallarda isə nevroloji və ya psixiatrik xəstəliklərlə, xüsusilə narahatlıq, depressiya və panik pozuntu ilə əlaqəli olur.

Niyə baş verir?

Yuxu iflicinin əsasən REM yuxusu zamanı meydana gəldiyi düşünülür. Bu mərhələdə yuxuların hərəkətlərlə həyata keçirilməsinin qarşısını almaq üçün əzələlər müvəqqəti olaraq hərəkətsiz vəziyyətə düşür. İnsan oyansa da, beyin hələ REM yuxusunun təsirində olduqda bu hərəkətsizlik qısa müddət davam edir.

Nə zaman həkimə müraciət edilməlidir?

Yuxu iflici tez-tez təkrarlanırsa, yuxu zamanı başqa əlamətlər müşahidə olunursa və ya gün ərzində həddindən artıq yuxululuq varsa, yuxu xəstəlikləri üzrə mütəxəssisə müraciət etmək tövsiyə olunur. Təkrarlanan yuxu iflici bəzi hallarda narkolepsiya kimi yuxu xəstəliklərinin əlamətidir.

Tutmalar nadir hallarda baş verir və hər hansı xəstəliklə müşayiət olunmursa, adətən xüsusi müalicəyə ehtiyac olmur.

Qarşısını necə almaq olar?

Yuxu iflicinin qarşısını almaq üçün yuxu rejiminə riayət etmək, kifayət qədər və keyfiyyətli yatmaq, stressi azaltmaq vacibdir. Yatmazdan əvvəl nəfəs və rahatlama məşqləri, həmçinin meditasiya da faydalı olur.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version