Pəncərədən içəri düşən küçə işığı, elektron cihazların LED göstəriciləri və digər zəif işıq mənbələri gecə yuxusu zamanı ürəyə mənfi təsir göstərir. Yeni araşdırma gecə işığına məruz qalmanın ürəyin quruluşu və fəaliyyətində zərərli dəyişikliklərlə əlaqəli olduğunu ortaya qoyub.
“European Heart Journal”da dərc olunan araşdırmaya görə, gecə yuxusu zamanı işığa məruz qalmaq ürəyin quruluşunda və fəaliyyətində potensial olaraq zərərli dəyişikliklərə səbəb olur.
Əvvəlki tədqiqatlarda gecə işığında yatmaqla koronar arteriya xəstəliyi, infarkt, ürək çatışmazlığı və insult riskinin artması arasında əlaqə müəyyən edilmişdi. Yeni araşdırma isə gecə işığının ürəyin quruluşuna və fəaliyyətinə necə təsir göstərə biləcəyini araşdıran ilk tədqiqatlardan biri olub.
Tulane Universitetinin tədqiqatçısı doktor Lu Qi bildirib ki, ürəkdə baş verən bu struktur dəyişiklikləri gecə işığına çox məruz qalma ilə əlaqələndirilən ürək-damar problemləri riskinin artmasını izah edir.
Tədqiqatçılar ürək-damar xəstəliyi olmayan 11 071 iştirakçının məlumatlarını araşdırıblar. İştirakçılar biləklərində işıq və hərəkət sensorları daşıyıb, bir neçə il sonra isə onların ürəyinin MRT müayinəsi aparılıb.
Araşdırmada gecə yuxusu zamanı demək olar ki, heç bir işığa məruz qalmayan şəxslərlə çox zəif, lakin nəzərəçarpan işıq mənbələrinin olduğu mühitdə yatan şəxslər müqayisə edilib.
Pəncərədən içəri düşən küçə işığı, elektron saatların göstəriciləri və elektron cihazlardakı LED işıqlar mümkün işıq mənbələri arasında göstərilib.
Demoqrafik göstəricilər, həyat tərzi, sağlamlıq vəziyyəti və ətraf mühit amilləri nəzərə alındıqdan sonra gecə işığına daha çox məruz qalmanın ürək-damar sistemində ölçülə bilən dəyişikliklərlə əlaqəli olduğu müəyyən edilib.
Ən çox işığa məruz qalan iştirakçılarda ən qaranlıq şəraitdə yatanlarla müqayisədə sol mədəciyin orta hesabla 2,4 faiz böyüdüyü, ürək divarının 1,5 faiz qalınlaşdığı və ürəyin yığılma qabiliyyətinin 1,9 faiz azaldığı müşahidə olunub.
Bundan əlavə, ən çox işığa məruz qalan qrupda ürək çatışmazlığı riski 29 faiz, infarkt riski 24 faiz, insult riski 33 faiz, ürək-damar xəstəliklərindən ölüm riski isə 26 faiz daha yüksək olub.
Gecə işığını necə azaltmaq olar?
Mütəxəssislər yataq otağını mümkün qədər qaranlıq saxlamağı tövsiyə edirlər. Bunun üçün qalın pərdələrdən istifadə etmək, yataq otağında daha isti tonlu və zəif işıqlandırmaya üstünlük vermək, elektron cihazların kiçik LED göstəricilərini söndürmək kimi sadə tədbirlər görülə bilər.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
