Gundelik.az Mədəniyyət və cəmiyyət Yeni araşdırma insan ömrünün nəzəri sərhədini açıqladı
Mədəniyyət və cəmiyyət Xəbərlər

Yeni araşdırma insan ömrünün nəzəri sərhədini açıqladı

Rusiyalı alimlərin hazırladığı yeni riyazi model göstərir ki, qocalma tamamilə dayandırılsa belə, insanların sonsuza qədər yaşaması bioloji baxımdan mümkün olmur. Araşdırmaya görə, DNT-də illər ərzində qaçılmaz şəkildə toplanan mutasiyalar insan ömrünü təxminən 146–194 il arasında məhdudlaşdırır. Alimlər hesab edirlər ki, xüsusilə özünü yeniləmə qabiliyyəti zəif olan beyin və ürək hüceyrələri bu sərhədin formalaşmasında mühüm rol oynayır.

İnsan ömrünün maksimum nə qədər ola biləcəyi sualı yeni elmi araşdırma ilə yenidən gündəmə gəlib.

Rusiyanın Skolkovo Elm və Texnologiya İnstitutunun tədqiqatçıları bildirirlər ki, qocalma ilə əlaqəli bütün xəstəliklər aradan qaldırılsa belə, insan ömrü sonsuz olmayacaq.

Alimlərin hazırladığı modelə əsasən, hüceyrələrdə zaman keçdikcə qaçılmaz şəkildə yığılan somatik DNT mutasiyaları insan həyatına təbii bir yuxarı hədd qoyur.

Araşdırma npj Aging elmi jurnalında dərc olunub. Tədqiqatda qocalmaya səbəb olan bütün bioloji proseslərin dayandırıldığı fərziyyə üzərində hesablamalar aparılıb. Bu ssenaridə xərçəng, ürək-damar xəstəlikləri və demensiya kimi ciddi xəstəliklərin tamamilə qarşısının alındığı qəbul edilib. Buna baxmayaraq, DNT-də təsadüfi mutasiyaların həyat boyu yığılmağa davam etdiyi müəyyən edilib.

İnsan ömrünün nəzəri yuxarı həddi 194 il olur

Araşdırma müəlliflərinin fikrincə, DNT-də toplanan mutasiyalar zaman keçdikcə hüceyrələrin fəaliyyətini pozur və nəticədə insan ömrünü məhdudlaşdırır.

Hazırlanan kompüter simulyasiyalarına əsasən, insan ömrünün nəzəri maksimum həddi 146–194 il arasında dəyişir. Bu nəticə bioloji baxımdan ölümsüzlüyün mümkün görünmədiyini göstərir.

Beyin və ürək hüceyrələri əsas amillərdən biri hesab olunur

Tədqiqatda vurğulanır ki, insan orqanizmindəki bütün hüceyrələr eyni sürətlə qocalmır.

Dəri və qaraciyər kimi toxumalar davamlı olaraq yeni hüceyrələr yaratdığı üçün DNT mutasiyalarının yaratdığı zədələri müəyyən müddət kompensasiya edə bilir.

Lakin beyin və ürək hüceyrələrinin özünü yeniləmə qabiliyyəti çox zəifdir. Bu hüceyrələr həyat boyu mutasiyalar toplamağa davam edir və alimlərin fikrincə, insan ömrünü məhdudlaşdıran əsas səbəblərdən biri də məhz budur.

Alimlər: Bu, dəqiq ömür proqnozu deyil

Araşdırmanın baş müəllifi, hesablama biologiyası üzrə mütəxəssis Dmitriy Kryukov bildirib ki, bu nəticələr insanların gələcəkdə mütləq 150 və ya 190 il yaşayacağı anlamına gəlmir.

Onun sözlərinə görə, hazırlanan riyazi model qocalmanı yalnız bir amillə izah etmir. Tədqiqatın məqsədi DNT mutasiyalarının qocalma prosesinə nə dərəcədə təsir etdiyini qiymətləndirməkdir.

Alimlər qeyd edirlər ki, hazırda insanların orta ömür uzunluğu bu nəzəri həddən xeyli aşağıdır. Bu isə qocalma prosesində təkcə DNT mutasiyalarının deyil, digər bioloji mexanizmlərin də mühüm rol oynadığını göstərir.

Tədqiqat həmçinin göstərir ki, gələcəkdə qocalmanı ləngidən müalicə üsulları inkişaf etdirilsə belə, insan ömrünü məhdudlaşdıran başqa bioloji mexanizmlər də mövcuddur.

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version