Yeməkdən sonra divana uzanmaq əvəzinə qısa müddət hərəkət etmək qan şəkərinin sürətli yüksəlməsini azaltmağa kömək edir. Yeni araşdırmada cəmi 60 saniyəlik pilləkən hərəkətinin qan şəkərindəki yüksəlişi təxminən 42 faiz azaltdığı müəyyənləşib.
Cəmi bir dəqiqə kifayət edib
Araşdırmada orta yaşları 29 olan, şəkərli diabeti olmayan 30 sağlam yetkin iştirak edib. İştirakçılar 5 saat ac qaldıqdan sonra 75 qram qlükoza qəbul ediblər.
Bir sınaqda qlükoza qəbul etdikdən sonra oturmağa davam ediblər. Digərində isə 57 dəqiqə sonra rahat tempdə 32 pillə qalxıb-eniblər. Hərəkətin ümumi müddəti cəmi 60 saniyə olub.
Nəticələr belə olub:
Oturaq vəziyyətdə qan şəkərinin yüksəlməsi: 4,3 mmol/L
Bir dəqiqəlik hərəkətdən sonra: 2,5 mmol/L
Yüksəlişdə azalma: təxminən 42 faiz
Hiss edilən fiziki gərginlik: 10 bal üzərindən 1,9
Yəni bunun üçün uzun müddət idman etmək və ya ağır məşqə ehtiyac olmayıb.
42 faiz nə deməkdir?
Burada vacib məqam odur ki, 42 faiz azalma qan şəkərinin ümumi səviyyəsinə deyil, başlanğıcdan 60-cı dəqiqəyə qədər yaranan yüksəlişə aiddir.
Bundan əlavə, araşdırma adi axşam yeməyi ilə deyil, 75 qramlıq qlükoza içkisi ilə aparılıb və iştirakçılar gənc, sağlam insanlar olub. Buna görə nəticənin bütün yaş qruplarında və xüsusilə şəkərli diabeti olan insanlarda eyni şəkildə müşahidə ediləcəyini söyləmək olmaz.
Bununla belə, araşdırma yeməkdən sonra qısa müddətli hərəkətin maddələr mübadiləsi üçün əhəmiyyətli ola biləcəyini göstərir.
Əzələlər qlükozanı istifadə edir
Əzələlər bədənin əsas qlükoza istifadə edən toxumalarındandır. Hərəkət zamanı əzələlər yığılır və qandakı qlükozanın hüceyrələr tərəfindən enerji üçün istifadəsi artır.
Xüsusilə ayaq və bud əzələlərini işlədən hərəkətlər bu baxımdan faydalı olur. Buna görə yeməkdən sonra qısa gəzinti, pilləkən qalxıb-enmək və ya evdə hərəkət etmək qan şəkərinin yüksəlişini müəyyən qədər yumşaltmağa kömək edir.
Axşam hərəkət etmək niyə vacibdir?
İnsulinin təsirinə həssaslıq gün ərzində dəyişir və axşam saatlarında qlükozanın idarə olunması bəzi insanlarda daha çətin olur. Gec və ağır yeməkdən sonra uzun müddət hərəkətsiz qalmaq da qan şəkərinin yüksəlməsinə təsir göstərir.
Bu səbəbdən məsələ yalnız nə yediyimizlə bağlı deyil. Nə vaxt yediyimiz və yeməkdən sonra nə etdiyimiz də əhəmiyyətlidir.
Yeməkdən sonra nə etmək olar?
Yeməkdən sonrakı müddətdə aşağıdakı sadə hərəkətlər faydalı olur:
Bir-iki dəqiqə pilləkənlə qalxıb-enmək
5-10 dəqiqə gəzmək
Evdə bir neçə dəqiqə hərəkət etmək
Süfrəni yığmaq və qabları yerinə qoymaq
Pilləkən uyğun deyilsə, stuldan nəzarətli şəkildə qalxıb-oturmaq
Uzun müddət oturursunuzsa, hər 30 dəqiqədən bir ayağa qalxmaq
Burada əsas məqsəd özünü yormaq deyil, əzələləri hərəkətə gətirməkdir.
Diz və ya bud-çanaq problemi, tarazlıq pozuntusu, döş qəfəsində ağrı və ya ciddi ürək xəstəliyi olan şəxslər pilləkən əvəzinə düz səthdə yüngül gəzməyə üstünlük verməli və fiziki aktivliklə bağlı həkim məsləhəti almalıdır.
Kiçik hərəkəti kiçik saymayın
Sağlamlıqla bağlı ən yanlış düşüncələrdən biri “uzun müddət məşq edə bilmirəmsə, heç etməyim” yanaşmasıdır.
Halbuki qısa müddətli hərəkət belə tam hərəkətsizlikdən daha faydalı olur. Bir dəqiqəlik fəaliyyət hər şeyi həll etmir, lakin xüsusilə yeməkdən sonra təkrarlananda gündəlik fiziki aktivliyə mühüm töhfə verir.
Süfrədən qalxanda ilk ünvanınız divan yox, hərəkət olsun.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

