Gundelik.az Elm və təhsil Ədəbiyyat Yel qanadlı illərin sorağında -Həmzə Əliyev 60
Ədəbiyyat Mədəniyyət və cəmiyyət

Yel qanadlı illərin sorağında -Həmzə Əliyev 60

Düz 60 il bundan əvvəl payızın ilk günlərində-sentyabrın 5-i Qərbi Azərbaycanın Uluxanlı mahalının Dəmirçi kəndində Qəmbər kişinin ailəsində bir oğlan dünyaya göz açdı. Azərbaycanlı ailəsində oğul övladının dünyaya gəlişi toy- bayram olsun gərək, şübhə yoxdur ki, rəhmətlik Qəmbər kişi onun gəlişinə çox
sevinmiş, mühtəmələn beşiyinin başında “ Güclü belimin qüvvəti oğul, qaranlıq gözlərimin işığı oğul”- deyə onu oxşamışdır. Türklərdə ad qoyma ənənəsinə görə yeni doğulmuş oğlan uşaqlarına ad vermək xüsusi mərasimlə baş tutardı, igidlik, məğrurluq mənasını ifadə edən adlar seçilərdi. Hər kəs çalışar ki, öz xalqına, millətinə, dini inancına uyğun ad versin övladına. Qənbər kişinin oğluna qoymuş olduğu ad islam dünyasının ən böyük sərkərdəsi Həmzənin adı idi. Həmzə ərəb dilindən tərcümədə “yanan”, “kəskin” deməkdir. İslam tarixində bu ad Peyğəmbərimizin əmisi və onun süd qardaşının adı olmuşdur. İslam Peyğəmbəri ilə çiyin-çiyinə vuruşmuş Həmzə igidliyinə görə fərqlənmiş və “Allahın aslanı” tituluna layiq görülmüşdür.
Ad insana təsir edə bilər, sahibinə yeni emosiyalar, ondan asılı olmayan bəxt, tale nəsib edə bilər, bəlkə də, tarixin ən yadda qalan məqamlarını geri gətirə bilər. Adın insan taleyinə təsir etdiyi inancındayam.
Həmzə müəllimin də taleyinə Azərbaycanın qədim yurd yeri Uluxanlıdan ayrılmaq, öz dədə-baba torpaqlarından hicrət etmək nəsib olmuşdur. 1971-ci ildə Dəmirçi kənd orta məktəbinin I sinfinə daxil olmuş, 1982-ci ildə orta məktəbi bitirmişdir. 1986-cı ildə İrəvan Dövlət Pedaqoji Universitetinə daxil olsa da, cəmi iki il sonra mənfur qonşularımız islam övladlarına savaş açmış, “Allahın aslanı” titulunu yaşadan gənc Həmzə ailəsi ilə birlikdə o yurd yerlərimizdən ayrılaraq Bakıya gəlmiş, Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsilini davam etdirmişdir.
1991-ci ildə ADPU-nun filologiya fakültəsindən məzun olmuş Həmzə müəllimin taleyi bu universitetə bağlanmışdır. 1991-1993-cü illərdə o, universitet
üzrə dispetçer, 1993-1996-cı illər ərzində Pedaqoji Təcrübə rəhbəri, 1996-2006-cı illər ərzində isə ADPU-u rektorunun köməkçisi vəzifəsində çalışmışdır.
Həmzə müəllimin keçmiş olduğu ömür yoluna nəzər saldıqda Karma qanunlarını təsadüfən xatırlamadıq. Karma qanunlarından biri “İnkişaf qanunu”dur. Gənc yaşlarında təhsilə, elmə olan marağı onu universitet auditoriyalarına gətirmiş, universitetin ictimai həyatında fəallığı, çalışqanlığı isə onun vəzifə pillələrində irəliləməsi üçün zəmin yaratmışdır.
İnsan həyatı öz əməlləri üzərində qurulubdur. Üzərimizə götürdüyümüz hər bir öhdəlik həyatımızı şəkilləndirir. Həmzə müəllim hər zaman ona tapşırılmış işdən
asılı olmayaraq üzərinə götürdüyü vəzifə öhdəliyini ləyaqətlə yerinə yetirmişdir. Onun əldə etmiş olduğu uğurlar “Öhdəlik qanununa” uyğun olaraq öz əməyinin
bəhrəsidir.
Bəzən deyirlər ki, vəzifə, şan şöhrət insanı dəyişdirir, dostlarını, əhatə dairəsini daraldır, lakin Həmzə müəllim çalışdığı vəzifədən asılı olmayaraq hər zaman təvazökarlığı, səmimiyyəti ilə seçilmişdir. Yaxşı xatırlayıram, 2004-cü il idi.

ADPU-nun magistraturasının I kursunda təhsil alırdım. Bir gün təsadüfən tələbə biletimi evdə unutmuşdum, o zaman universitetin əsas girişində tələbələrdən, içəri daxil olan şəxslərdən sənəd tələb edən təhlükəsizlik əməkdaşları vardı, onlar üzərimdə biletim olmadığı üçün universitetə daxil olmağıma mane oldular.
Təhlükəsizlik əməkdaşlarının rəhbəri kapitan rütbəli şəxs idi. O da icazə vermədikdə onunla birlikdə rektorluğa doğru irəlilədik, qəbul otağında Həmzə müəllim məni dinlədi və tapşırdı ki, girişimə mane olmasınlar, mən də onlara söz verdim ki, bir daha tələbə
biletimi evdə unutmayacağam. Bu hadisədən, Həmzə müəllimlə ilk tanış olduğum vaxtdan 21 il keçsə də, o heç dəyişməmişdir, üzündəki təbəssüm, qəlbindəki
səmimiyyət, təvazökarlığı olduğu kimi qalır. Karma qanunlarından “Təvazökarlıq qanunu”nda olduğu kimi hər şey səbəblə olur və nə olursa, yaxşılığımıza görə olur. 21 il bundan tanışlığımız əvvəlki rektor köməkçisi Həmzə müəllimlə, bugünkü ADPU-nun Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasının müdiri Həmzə müəllimi müqayisə edib onun haqqında səmimi qəlbdən bu sətirləri yazmağa imkan verir. Səmimiyyət, sadəlik Həmzə müəllimin fitrətindədir. Lev Tolstoya görə sadəlik, xeyirxahlıq və dürüstlük olmayan yerdə böyüklük də yoxdur. Bu ifadə Həmzə müəllimin şəxsiyyətinə, ictimai fəaliyyətinə, vəzifəsinə, tabeliyində olan professor-müəllim heyəti ilə qurduğu münasibətə tam uyğun ifadədir. Həmzə müəllim xeyirxah insandır, əgər bir gün yaxınlaşıb ona “maaş alana qədər mənə bir miqdar borc verə bilərsinizmi?”-deyə rica etsəniz, o düşünmədən son qəpiyini belə sizinlə bölüşəcəkdir. Onun bu xüsusiyyəti Karmanın “Qonaqpərvərlik və paylaşmaq qanununa” uyğundur. Həmzə müəllim fədakar, paylaşmağın sevincini ürəkdən yaşaya bilən dostdur. Şərq xalqlarının bilgilər kitabı adlanan “Qabusnamə” də yazılıb ki, yalnız yaxşı və istedadlı adamlarla dostluq et ki, sən də dostlarının şöhrət tapdığı istedadlarla hörmət qazanasan. Həmzə müəllim yaxşı dost olmaqla yanaşı həm də istedadlı alimdir. O, 2003-cü ildə “İsimlə sifətin əlaqəli tədrisinin elmi-metodik əsasları” mövzusunda dissertasiya müdafiə etmiş, 2005-ci ildə pedaqogika üzrə fəlsəfə doktoru, 2007-ci ildə isə dosent elmi adını almışdır. Bir çox beynəlxalq seminar, simpozium və konfranslarda elmi məqlələrlə çıxış edir, elm aləmində “Azərbaycan dilində izahlı lüğəti (orta məktəblər üçün). Bakı, 2001. (A-Y)”, “Ümumtəhsil məktəblərdə ismin tədrisinin elmi-metodik əsaslarına dair (metodik vəsait).Bakı, 2002”, “Nitq hissələrinin müqayisəli tədrisi (isim və sifət). Bakı, 2006”, “Orfoqrafiya və orfoepiya təlimi. Proqram, ADPU- 2007”, “İbtidai siniflərdə Azərbaycan dili və onun tədrisi metodikası – 3. Metodik göstəriş. Bakı, ADPU nəşriyyatı, 2025” ciddi elmi monoqrafiyalarıilə tanınır “Məzarı and yeri olanlar.Müəllim nəşriyyatı, Bakı, 2023” əsəri isə alimin Azərbaycan xalqının 44 Günlük Vətən müharibəsinə həsr etdiyi bədii əsərdir. Həmzə müəllim elmi-pedaqoji fəaliyyəti ilə yanaşı ictimai həyatda da fəaldır, istər universitet, istərsə də, ölkəmizdə baş vermiş ictimai hadisələrdə dövlətçilik mövqeyindən çıxış etmiş, milli təəssübkeşliyi ilə seçilmişdir. Onun elmi-pedaqoji və fəaliyyəti nəzərə alınmış, Azərbaycan Respublikası Elm və Təhsil nazirinin 26 0ktyabr 2023-cü il tarixli 3-29/3-1-1359K/2023 nömrəli əmri ilə Həmzə müəllim ADPU-nun 100 illiyi münasibətilə “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşdur. Həmzə müəllim, bu gün sentyabr ayının 5- i dünyaya göz açmışdır. Uluların inancına görə “beş” var-dövlət, sərvət, bolluq rəmzidir, yaradılışın dörd ünsürünə əlavədir, “beş”in uğuru da budur. Həmzə müəllimin varı-dövləti onun gözəl ailəyə sahib olub, ziyalı oğulların atası olması, baba adını qazanmasında, onu sevən, ona dəyər verən dostlarının əhatəsində olmasındadır.
Bu gün Həmzə müəllimin 60 yaşı tamam olur. O yaşının müdriklik çağındadır, saçlarına dən düşsə də, yazır, yaradır, sevir, sevilir. Həmzə müəllimi görəndə assosiativ olaraq Xalq şairimiz Səməd Vurğunun aşağıdakı misralarını xatırlayırsan:

“Saç ağardı, ancaq ürək
Alovludur əvvəlki tək.
Saç ağardı, ancaq nə qəm!
Əlimdədir hələ qələm…”

Şübhəsiz ki, Azərbaycan xalqına bağlılığı, milliliyi, Dövlətimizə, Ali Baş Komandan Cənab İlham Əliyevin siyasi kursuna sadiqliyi ilə seçilən Həmzə Qənbər oğlu Əliyev bundan sonra neçə-neçə illər öz elmi-pedqoji fəaliyyət ilə məşğul olacaq, əzmlə çalışacaq, azərbaycanlı balaların təhsil almasında, inkişafında rol oynayacaq, müəllim kimi fəaliyyət göstərəcəkdir. Həmzə müəllimi bir daha 60 yaşı olması münasibəti ilə təbrik edir, möhkəm can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq…

Bəhram Cəfəroğlu

ADPU-nun baş müəllimi,
filologiya üzrə fəlsəfə doktoru

Gundelik.az

Exit mobile version