Araşdırmalar göstərir ki, qidalanma qan şəkərinin səviyyəsi və bağırsaq sağlamlığı vasitəsilə əhval-ruhiyyə və stressə təsir edir. Sağlam qidalanma psixi sağlamlıq problemlərinin müalicəsini əvəz etməsə də, müalicəyə dəstək olur.
Mütəxəssislər ruh halını dəstəkləmək üçün 4 sadə dəyişiklik tövsiyə edir:
1. Müntəzəm qidalanın
Yeməkləri nizamlı qəbul etmək qan şəkərinin sabit qalmasına kömək edir. Qan şəkərinin kəskin enib-qalxması yorğunluq, əsəbilik və əhval dəyişikliklərinə səbəb olur. Mütəxəssislər ehtiyacdan asılı olaraq təxminən 3-4 saatdan bir qidalanmağı tövsiyə edir.
2. Kifayət qədər su için
Susuz qalmaq diqqəti və düşünmə qabiliyyətini zəiflədir, insanı stressə daha həssas edir. Ən yaxşı seçim sudur. Şəkərli içkilərin qəbulunu isə məhdudlaşdırmaq məsləhətdir.
3. Həddindən artıq emal olunmuş qidaları azaldın
Şəkər, duz və əlavə yağlarla zəngin ultraemal olunmuş qidaların çox istifadəsi daha pis psixi sağlamlıqla yanaşı, ürək xəstəlikləri və diabetlə də əlaqələndirilir. Sağlam qidalanmaya keçid tədricən həyata keçirilməli, zərərli qidalara yönəlmənin səbəbləri də nəzərə alınmalıdır.
4. Daha çox bitki mənşəli qida yeyin
Tərəvəz, meyvə, tam taxıllar və digər bitki mənşəli qidalar bağırsaq mikrobiomunun müxtəlifliyini dəstəkləyir. Bağırsaq sağlamlığı isə immun sistemindən beyin və psixi sağlamlığa qədər bir çox prosesdə mühüm rol oynayır.
Kiçik addımlarla başlayın
Qidalanma vərdişlərini birdən-birə dəyişmək əvəzinə, davamlı və real dəyişikliklər etmək daha faydalıdır. Mütəxəssislər sağlam qidalanmanı psixi sağlamlıq dəstəyi ilə birlikdə aparmağı və qidalanma ilə əhval arasındakı əlaqəni izləmək üçün gündəlik tutmağı tövsiyə edir.
Mənbə:BBC Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

