Gundelik.az Mədəniyyət və cəmiyyət Yay aylarında həddindən artıq tərləmə və ya heç tərləməmək təhlükə siqnalıdır
Mədəniyyət və cəmiyyət Xəbərlər

Yay aylarında həddindən artıq tərləmə və ya heç tərləməmək təhlükə siqnalıdır

Yay aylarında havaların isinməsi ilə birlikdə tərləmə orqanizmin bədən temperaturunu tənzimləyən təbii mexanizmi kimi ön plana çıxır. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, həm həddindən artıq tərləmə, həm də ümumiyyətlə tərləməmək bəzi xəstəliklərin əlaməti ola bilər. Bu səbəbdən isti havalarda kifayət qədər maye qəbul etmək və orqanizmin verdiyi siqnallara diqqət yetirmək vacibdir.

Daxili xəstəliklər üzrə mütəxəssis Dr. Serpil Arslanın sözlərinə görə, normal tərləmə bədənin temperaturunu tənzimləməyə kömək edir və maddələr mübadiləsi nəticəsində yaranan bəzi tullantıların xaric olunmasına şərait yaradır. Onun fikrincə, yay aylarında heç tərləməmək və ya normadan artıq tərləmək sağlamlıq problemlərinin göstəricisi ola bilər.

Həkim bildirir ki, bütün bədəndə müşahidə olunan güclü tərləmə maye və mineral itkisinə səbəb olur. Bu isə arterial təzyiqin enib-qalxması, başgicəllənmə, halsızlıq, yorğunluq və hətta huşun itirilməsi ilə nəticələnə bilər. Digər tərəfdən, tərləmənin olmaması orqanizmin istiliyi tənzimləməsinə mane olur və isti vurması riskini artırır.

Mütəxəssis yay mövsümündə günün ən isti saatlarında mümkün qədər sərin mühitdə olmağı, ağır fiziki yüklənmədən çəkinməyi, kifayət qədər su içməyi və pambıq parçadan hazırlanmış geyimlərə üstünlük verməyi tövsiyə edir.

Yayda gündə nə qədər su içmək lazımdır?

Dr. Serpil Arslan qeyd edir ki, isti havalarda xüsusilə ürək-damar, böyrək, yüksək təzyiq və şəkərli diabet xəstələri daha diqqətli olmalıdırlar. Belə şəxslər həm istidən qorunmalı, həm də lazım gəldikdə dərman dozalarını yalnız həkim nəzarəti altında tənzimləməlidirlər.

Mütəxəssisin sözlərinə görə, sağlam yetkin insan yay aylarında gündə təxminən 3 litrədək maye qəbul etməlidir. Ən yaxşı seçim sudur. Meyvə şirələri müəyyən həddə qədər əlavə maye mənbəyi kimi istifadə olunur, lakin suyun yerini tam əvəz etmir.

Bununla yanaşı, ürək çatışmazlığı, ödəm və ya böyrək xəstəlikləri olan şəxslər qəbul etməli olduqları maye miqdarını mütləq həkimlə məsləhətləşməlidirlər. Çünki bəzi hallarda həddindən artıq su qəbulu da sağlamlıq üçün risk  yaradır.

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version