Hazır və paketlənmiş qidaların saxlanma müddətini uzatmaq üçün istifadə olunan qoruyucu maddələr məhsulların tez xarab olmasının qarşısını alsa da, onların uzun müddət və həddindən artıq qəbulu sağlamlıq üçün risk yaradır. Mütəxəssislər bildirirlər ki, bu cür məhsulların davamlı istehlakı həzm sistemi pozğunluqları ilə yanaşı, qaraciyərə də mənfi təsir göstərir.
Qastroenteroloq Prof. Dr. Yılmaz Bilgiçin sözlərinə görə, qoruyucu maddələrin nəzarətsiz şəkildə qəbul edilməsi ishal, qəbizlik və digər həzm problemlərinə səbəb olur. Xüsusilə uşaqların orqanizmi bu maddələrə daha həssas olduğundan, onların paketli qidalardan istifadəsi məhdudlaşdırılmalıdır.
Mütəxəssis vurğulayır ki, uzunmüddətli və intensiv məruz qalma bəzi insanlarda qaraciyər fermentlərinin yüksəlməsinə, daha ağır hallarda isə qaraciyər funksiyalarının pozulmasına zəmin yaradır. Bununla belə, təkcə konservantların normal miqdarda qəbulunun birbaşa qaraciyər çatışmazlığı yaratdığına dair güclü elmi sübutlar yoxdur. Risk əsasən çox işlənmiş qidaların həddindən artıq və uzunmüddətli istehlakı ilə əlaqələndirilir.
Alış-veriş zamanı məhsulların etiketini diqqətlə oxumaq, tərkibi aydın göstərilən və etibarlı istehsalçılara üstünlük vermək tövsiyə olunur. Mütəxəssislər mümkün qədər evdə hazırlanmış, təzə qidaların seçilməsinin həm həzm sistemi, həm də ümumi sağlamlıq üçün daha faydalı olduğunu bildirirlər.
Xüsusilə uşaqlarda erkən yaşlardan sağlam qidalanma vərdişlərinin formalaşdırılması gələcəkdə bir çox sağlamlıq problemlərinin qarşısının alınmasında mühüm rol oynayır.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

