Sadiq Qurbanov: Azərbaycan-Vyetnam əlaqələri intensiv şəkildə inkişaf edir – ŞƏRH

Sadiq Qurbanov: Azərbaycan-Vyetnam əlaqələri intensiv şəkildə inkişaf edir – ŞƏRH

Azərbaycan ilə Vyetnam arasında münasibətlər tarixi köklərə əsaslanır və hazırda bütün istiqamətlər üzrə yüksələn xətlə inkişaf edir.

Gundelik.az xəbər verir ki, bunu “Aktual Xəbər”ə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Prezident İlham Əliyevin noyabrın 19-da Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibəni şərh edərkən bildirib.

Deputat qeyd edib ki, Azərbaycan-Vyetnam əlaqələrinin əsası hələ 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfəri zamanı qoyulub. Onun sözlərinə görə, iki ölkə arasında münasibətlərin inkişafında 1983-cü il xüsusi mərhələ təşkil edir.

Sadiq Qurbanov bildirib ki, həmin il Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini Heydər Əliyevin rəhbərlik etdiyi sovet nümayəndə heyəti Vyetnama səfər edib. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə səfərin müddəti səkkiz günə qədər uzadılıb və ölkənin əsas regionlarını əhatə edib.

Deputatın sözlərinə görə, səfər çərçivəsində əldə olunan razılaşmalar Vyetnam iqtisadiyyatının inkişafına mühüm töhfə verib və gələcək əməkdaşlığın istiqamətlərini müəyyənləşdirib.

O xatırladıb ki, Prezident İlham Əliyevin Vyetnama ilk rəsmi səfəri 2014-cü ildə baş tutub. 2015-ci ilin mayında isə Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanq Azərbaycana rəsmi səfər edib.

Sadiq Qurbanov vurğulayıb ki, hazırda Azərbaycan-Vyetnam münasibətləri siyasi, diplomatik və iqtisadi sahələrdə intensiv şəkildə inkişaf edir. Ticarət dövriyyəsinin artması və diplomatik əlaqələrin genişlənməsi ikitərəfli əməkdaşlığın gələcəkdə daha da dərinləşəcəyinə əsas verir.

Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.