Mətbuat Şurası mediada peşə etikası prinsiplərinin pozulması ilə bağlı bəyanat yayıb

Mətbuat Şurası mediada peşə etikası prinsiplərinin pozulması ilə bağlı bəyanat yayıb

Son günlər bəzi media subyektlərinin və jurnalistlərin ictimai məzmunlu hadisələri işıqlandırarkən peşə etikası prinsiplərindən kənara çıxması narahatlıq doğurur.

Xüsusilə, dəqiqləşdirilməmiş, rəsmi mənbələrə istinad edilmədən yayılan məlumatlar, hadisələrin tələsik və səthi təqdimatı media fəaliyyətində məsuliyyət və peşəkarlıq meyarlarına dair ciddi suallar yaradır. Belə hallar cəmiyyətin informasiyaya olan etimadını sarsıdır, jurnalistikanın ənənəvi missiyasına və nüfuzuna xələl gətirir.

Medianın cəmiyyəti operativ şəkildə məlumatlandırması təqdirəlayiq olsa da, bu, faktların dəqiqliyi, məlumatların yoxlanılması, hadisələrin obyektiv işıqlandırılması və peşə etikası prinsipləri hesabına baş verməməlidir.

Media subyektləri və jurnalistlər informasiya yayarkən şəxsi həyatın toxunulmazlığı prinsipinə xüsusi həssaslıqla yanaşmalıdırlar. İctimai əhəmiyyət daşımayan şəxslərin şəxsi həyatına aid məlumatların, foto və video görüntülərin onların hüquq və mənafeləri nəzərə alınmadan yayılması etik standartlarla uzlaşmır. Son günlər bu prinsipin pozulması ilə bağlı müşahidələr də narahatlıq doğurur.

İnformasiyanın təqdimatı zamanı şəxsi həyatın toxunulmazlığına və insan ləyaqətinə hörmət, eləcə də fərdi məlumatların qorunması əsas etik tələblərdən biri olmalıdır. Bu prinsiplərin pozulmasının jurnalistikanın ictimai nüfuzuna ciddi zərbə vurduğu unudulmamalıdır.

Azərbaycan Mətbuat Şurası hesab edir ki, media subyektləri və jurnalistlər bu məsələlərə ciddi yanaşmalı, fəaliyyətlərində ictimai məsuliyyət, peşəkarlıq və etimad prinsiplərini əsas götürməlidirlər. Jurnalistika ictimai əhəmiyyətli informasiyanın cəmiyyətə çatdırılması missiyasını sensasiya, reytinq və diqqət cəlb etmək naminə qurban verməməli, informasiya təqdimatında etik həssaslıq və məsuliyyət nümayiş etdirməlidir.

Mətbuat Şurası media subyektlərinin təmsilçilərini, jurnalistləri, eləcə də müstəqil jurnalist fəaliyyəti ilə məşğul olan bütün şəxsləri “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na ciddi əməl etməyə çağırır.

Bəyanatda vurğulanır ki, hadisə və proseslərə həssas, vicdanlı və peşəkar yanaşma jurnalistikanın cəmiyyət qarşısındakı missiyasının yerinə yetirilməsinin, mediaya ictimai etimadın və onun nüfuzunun qorunmasının əsas şərtidir.

Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.