Donuz böyrəyi köçürülən qadın rekorda imza atdı – Bir il yaşadı

Donuz böyrəyi köçürülən qadın rekorda imza atdı – Bir il yaşadı

ABŞ-da genetik modifikasiya edilmiş donuz böyrəyi köçürülən 58 yaşlı qadın ciddi fəsadlar olmadan bir il yaşayıb. Bu, funksional vəziyyətdə olan donuz böyrəyi ilə yaşama müddəti üzrə yeni rekord hesab olunur.

Gundelik.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “The New York Times” nəşri məlumat yayıb.

ABŞ-ın Nyu-Hempşir ştatından olan, iki uşaq anası və keçmiş aşpaz Molli Falko köçürülmüş donuz böyrəyi ilə ən uzun müddət yaşayan şəxs kimi qeydə alınıb.

Mass General Brigham Transplant Mərkəzində böyrək transplantasiyası üzrə tədqiqata rəhbərlik edən doktor Leonardo Riellanın sözlərinə görə, köçürülmüş orqan yalnız toksinləri xaric etmir və sidik istehsal etmir, həm də insan böyrəyinin digər həyati funksiyalarını yerinə yetirir. Bunlara orqanizmdə maye və mineral balansının qorunması da daxildir.

“Bu, belə bir üsulun həyata keçirilə biləcəyinə və böyrəklərin işləyə biləcəyinə dair bizdə daha böyük əminlik yaradır”, – deyə Riella bildirib.

Donuz böyrəyi ilə yaşama müddəti üzrə əldə edilən rekord donor orqanlarının ciddi çatışmazlığı fonunda xüsusi əhəmiyyət daşıyır.

ABŞ-da yarım milyondan çox insan böyrək çatışmazlığı səbəbindən dializ müalicəsindən asılıdır. Təxminən 90 min nəfər böyrək transplantasiyası üçün gözləmə siyahısındadır. Ötən il isə ölkədə 26 mindən az böyrək köçürülməsi əməliyyatı həyata keçirilib.

Məlumata görə, hər gün orta hesabla 12 nəfər transplantasiya əməliyyatını gözləyərkən həyatını itirir.

Donuz orqanlarının insanlara köçürülməsi hələlik eksperimental mərhələdədir. Bununla belə, mütəxəssislər hesab edirlər ki, Falkonun əldə etdiyi nəticə gələcəkdə genetik modifikasiya edilmiş heyvanların geniş donor böyrəyi mənbəyinə çevrilməsi perspektivini yaxınlaşdırır.

Xatırladaq ki, sentyabr ayında ABŞ-da genetik modifikasiya edilmiş donuz böyrəyi köçürülən bir xəstənin bu orqanla doqquz ay yaşadığı bildirilmişdi. Bu, donuz böyrəyinin adi insan donor orqanı əldə edilənədək müvəqqəti vasitə kimi istifadə olunduğu dünyada ilk hadisə idi.

Nuri
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.