Bakıda kütləvi davada iştirak etməkdə təqsirləndirilən beş nəfər barəsində həbs qərarı verilib
Bakıda kütləvi davada iştirak etməkdə təqsirləndirilən beş nəfər barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Gundelik.az-ın məlumatına görə, Xətai Rayon Məhkəməsində Kamran Səttar oğlu Əfəndiyev, Mikayıl Vəli oğlu İsmayılov, Ramil Zahir oğlu Dadaşov, Eldar Faiq oğlu Eldarov və Həsən Mehman oğlu Zülfiqarov barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimat və vəsatətlər təmin edilib.
Kamran Əfəndiyev, Mikayıl İsmayılov, Ramil Dadaşov və Həsən Zülfiqarovun həbsdə saxlanılma müddətinin əvvəli 2026-cı il oktyabrın 23-dən, Eldar Eldarovun isə oktyabrın 24-dən hesablanıb.
İş üzrə təqsirləndirilən digər şəxs — Əhməd Arzuxan oğlu Əli-zadə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair material isə hakimlərin özlərinə etiraz ərizələrinin həlli və materialın başqa məhkəməyə verilməsi məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə material baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə verilib.
Adları çəkilən şəxslər Cinayət Məcəlləsinin 218.1, 218.2, 234.4.1, 234.4.3, habelə 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunublar.