Xəzərdə təlimlər zamanı 19 qazaxıstanlı hərbçini su axını aparıb. Onlardan doqquzu həlak olub.
Gundelik.az-ın “Sputnik Qazaxıstan” nəşrinə istinadən xəbərinə görə, Qazaxıstan Müdafiə Nazirliyi məlumatı təsdiqləyib.
“Dərin təəssüf hissi ilə bildiririk ki, sentyabrın 24-də Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin təlimləri zamanı Manqistau vilayətində Xəzər dənizi sahilində təlim-döyüş tapşırığının yerinə yetirilməsi zamanı meteoroloji şəraitin kəskin pisləşməsi və küləyin sürətinin artması səbəbindən hərbçilər dənizə sürükləniblər. İlkin məlumata görə, 19 hərbçini su aparıb. Hazırda 9 hərbçinin ölümü qeydə alınıb”, – deyə məlumatda bildirilib.
Üçü xilas edilib, o cümlədən biri xəstəxanaya yerləşdirilib, digərlərinin axtarışı davam edir.
“Hadisə yerinə dərhal xilasetmə qüvvələri və vasitələri göndərilib. Axtarış-xilasetmə əməliyyatlarına Hərbi Dəniz Qüvvələrinin, Fövqəladə Hallar Nazirliyinin, aviasiyanın və digər müvafiq xidmətlərin bölmələri cəlb edilib. Hadisənin baş vermə şəraiti ilə bağlı bütün halların müəyyən edilməsi və axtarış-xilasetmə işlərinin koordinasiyası üçün hadisə yerinə təcili olaraq müdafiə naziri, aviasiya general-leytenantı Dauren Kosanovun rəhbərliyi altında Müdafiə Nazirliyinin komissiyası göndərilib”, – deyə nazirlik qeyd edib.
Axtarış əməliyyatının gedişatı və hərbçilərin vəziyyəti barədə əlavə məlumat informasiya daxil olduqdan və təsdiqləndikdən sonra veriləcək.

