Gundelik.az Ölkə WUF13 çərçivəsində beynəlxalq media nümayəndələri Bakının tarixi və mədəni məkanları ilə tanış olublar
Ölkə Xəbərlər

WUF13 çərçivəsində beynəlxalq media nümayəndələri Bakının tarixi və mədəni məkanları ilə tanış olublar

2026-cı il 17–22 may tarixlərində Azərbaycanda keçirilən BMT-nin Dünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində ölkəyə səfər edən xarici jurnalistlər üçün Bakının tarixi və mədəni məkanlarına media tur təşkil olunub. Tədbir Media İnkişafı Agentliyi və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilib. Məqsəd Azərbaycanın davamlı şəhər inkişafı sahəsində prioritetlərini və nailiyyətlərini beynəlxalq media ictimaiyyətinə nümayiş etdirmək olub.

Beynəlxalq media nümayəndələrinin ilk dayanacağı Baku Ağ Şəhər olub. Layihə regionda genişmiqyaslı şəhər transformasiyasının ən nüfuzlu nümunələrindən biri kimi təqdim edilib. Jurnalistlərə yaşayış, biznes, ictimai və mədəni məkanların bir-birinə yaxın yerləşdiyi, rahat və inteqrasiya olunmuş şəhər modeli barədə məlumat verilib. Bildirilib ki, bu yanaşma şəxsi avtomobillərdən asılılığı azaltmağa, daha dayanıqlı və yaşamaq üçün əlverişli şəhər mühiti formalaşdırmağa xidmət edir.

Proqram çərçivəsində media nümayəndələri Heydər Əliyev Mərkəzini də ziyarət ediblər. Qonaqlara bildirilib ki, Mərkəzin fəaliyyəti Azərbaycanın ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və zəngin irsinin qorunub təbliğinə həsr olunub. Xarici jurnalistlər həmçinin onun həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən geniş foto və video arxivlərlə, eləcə də müxtəlif eksponatlarla tanış olublar.

Səfər zamanı jurnalistlər İçərişəhərdə Bakının qədim tarixi, zəngin mədəni irsi və əsrlərlə formalaşmış şəhərsalma ənənələri barədə məlumat əldə ediblər. Media nümayəndələri UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş bir sıra tarixi memarlıq abidələrini ziyarət edib, İçərişəhərin qorunub saxlanılan tarixi görünüşü və unikal şəhər quruluşu ilə yaxından tanış olublar.

 

Mənbə:wuf13.az

Tərtib etdi:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version