Volodimir Zelenski bildirib ki, Rusiya son bir həftə ərzində Ukrayna ərazisinə qarşı 60 raket, təxminən 1900 silahlı pilotsuz uçuş aparatı (PUA) və 1400-ə yaxın idarəolunan bomba ilə hücum həyata keçirib.
Zelenski sosial media hesabında paylaşdığı açıqlamada bu hücumları qiymətləndirərək qeyd edib ki, istifadə olunan silahlar müxtəlif tipli olub və genişmiqyaslı dağıntılara səbəb olub.
O, həmçinin vurğulayıb ki, Avropa İttifaqı tərəfindən Ukraynaya 2026–2027-ci illər üçün ayrılması nəzərdə tutulan 90 milyard avro kredit və Rusiyaya qarşı qəbul edilən 20-ci sanksiya paketi ölkənin müdafiəsi baxımından mühüm əhəmiyyət daşıyır.
Zelenski əlavə edib: “Bizə dəstək olan bütün müttəfiqlərimizə təşəkkür edirik. Hava hücumundan müdafiə sistemimiz artıq pilotsuz uçuş aparatlarının 90 faizindən çoxunu məhv etmək qabiliyyətinə malikdir.”
Eyni zamanda Ukrayna Hərbi Hava Qüvvələrinin yaydığı məlumata görə, Rusiya ötən gecə ölkəyə 94 ədəd “Şahed”, eləcə də “Gerbera” və “İtalmas” tipli PUA-larla hücum edib. Onlardan 74-ü hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib, qalanları isə ölkənin 15 fərqli nöqtəsinə düşüb.
Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti isə bildirib ki, Sumi vilayətinə edilən hücum nəticəsində 1 nəfər həyatını itirib, Odessa vilayətində isə 2-si uşaq olmaqla 11 nəfər yaralanıb.
Mənbə: TRT Haber
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az

