Vəkillər Kollegiyasının rəsmi internet platformasına “mygov ID” vahid giriş altsistemi inteqrasiya edilib.
Bu barədə Gundelik.az-a Vəkillər Kollegiyasından məlumat verilib.
Bildirilib ki, yeni inteqrasiya nəticəsində vəkillərin şəxsi kabinetə giriş imkanları daha da genişləndirilib.
Belə ki, kollegiya üzvləri, vəkilliyə namizədlər və vətəndaşlar artıq şəxsi kabinetlərinə “mygov” tətbiqi, eləcə də müxtəlif gücləndirilmiş elektron imza vasitələrindən istifadə etməklə daxil ola bilərlər.
Bununla da istifadəçilərin elektron xidmətlərdən daha rahat və çevik şəkildə yararlanmasına şərait yaradılıb.
Bundan əlavə, vətəndaşların “mygov” tətbiqi vasitəsilə kollegiyanın Rəyasət Heyətinə elektron qaydada müraciət etməsi imkanı da yaradılıb. Yeni funksionallıq müraciətlərin daha operativ şəkildə təqdim olunmasına və vətəndaşlarla VK arasında elektron əlaqənin daha da təkmilləşdirilməsinə xidmət göstərir.
Eyni zamanda Azərbaycan Vəkillər Kollegiyası Elektron Hökumət İnformasiya Sisteminin Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) altsisteminə inteqrasiya olunub.
İnteqrasiya nəticəsində Vəkillər Kollegiyası RSD-yə qoşulmuş dövlət qurumları və digər təşkilatlarla sənədlərin rəqəmsal formada təhlükəsiz və operativ mübadiləsini həyata keçirə biləcək. Rəsmi sənədlərin rəqəmsal qaydada göndərilməsi və qəbul edilməsi sənəd dövriyyəsinin sürətləndirilməsinə, kağız daşıyıcılardan istifadənin azaldılmasına və qurumlararası yazışmaların daha səmərəli təşkilinə imkan yaradacaq.
Məlumatda qeyd olunub ki, gələcəkdə vəkil sorğularının RSD altsistemi vasitəsi ilə göndərilməsi də nəzərdə tutulur.
