İyul 8, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Uzun müddət oturmaq xərçəngdən ölüm riskini artırır

Yeni araşdırma göstərib ki, gün ərzində fasiləsiz 30 dəqiqədən çox oturmaq xərçəngdən ölüm riskini artıra bilər. Mütəxəssislər bildirirlər ki, ofisdə qısa gəzinti etmək və ya ev işləri kimi yüngül fiziki fəaliyyətlər belə bu riski azaltmağa kömək edir. Glasgov Universiteti tədqiqatçıları 90 mindən çox insanı 10 ildən artıq müddətdə izləyiblər. PLOS Medicine jurnalında dərc olunan nəticələrə əsasən, oyaq vaxtda bir dəfəyə 30 dəqiqədən çox oturmaq və ya uzanmaq xərçəngdən ölüm riskinin artması ilə əlaqələndirilir. Hərəkətsiz keçirilən hər əlavə saat bu riski daha da yüksəldir.

Araşdırma göstərib ki, uzunmüddətli oturma fasilələrinin fiziki fəaliyyətlə bölünməsi qoruyucu təsir göstərir. Hər 30 dəqiqədən bir ayağa qalxıb qısa müddət hərəkət etmək sağlamlıq üçün əhəmiyyətli fayda verir.

Yüngül hərəkətlər də faydalıdır

Tədqiqatın aparıcı müəllifi Frederik Ho bildirib ki, mövcud sağlamlıq tövsiyələri əsasən orta və yüksək intensivlikli idmana yönəlib. Lakin əldə edilən nəticələr yüngül fiziki fəaliyyətlərin də sağlamlıq baxımından vacib olduğunu göstərir.

Araşdırma çərçivəsində UK Biobank layihəsində iştirak edən 91 mindən çox insanın geyilə bilən cihazlardan əldə olunan məlumatları təhlil edilib. İştirakçılar orta hesabla 12 il izlənilib.

Nəticələrə görə:

Gün ərzində hər əlavə 1 saat hərəkətsiz qalmaq xərçəngdən ölüm riskinin təxminən 10 faiz artması ilə əlaqələndirilib.

Gündə 1 saat hərəkətsizliyi ütü etmək və ya qab yumaq kimi yüngül fiziki fəaliyyətlə əvəz etmək riski 12 faiz azaldır.

Gündəlik 30 dəqiqə hərəkətsiz qalmaq əvəzinə orta templə gəzmək riski 8 faiz azaldır.

5 dəqiqə hərəkətsizliyi 5 dəqiqə intensiv fiziki fəaliyyətlə əvəz etmək isə riski 22 faiz azaldır.

Tədqiqat müşahidə xarakterli olduğundan səbəb-nəticə əlaqəsini qəti şəkildə sübut etmir. Buna baxmayaraq, mütəxəssislər uzun müddət fasiləsiz oturma vərdişini azaltmağın və gün ərzində müntəzəm hərəkət etməyin sağlamlıq üçün mühüm əhəmiyyət daşıdığını vurğulayırlar.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az